Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü Arif İsmayılbəylini doğum günü münasibətilə partiyanın sədri Sabir Rüstəmxanlı və Siyasi Şura üzvləri təbrik ediblər. Ona ünvanlanan təbrikdə deyilir: “Hörmətli Arif bəy, siz həyatınızın ən parlaq illərini Azərbaycanın istiqlalı uğrunda gedən milli mücadiləyə həsr etmisiniz.   İmperiyaya qarşı savaşa qalxan insanların daim önündə getmiş, onların təşkilatlanmasında, fərqli qüvvələrin bir amal ətrafında  səfərbər olunmasında böyük rol oynamısınız. Ən ağır günlərdə belə öz təmkin və cəsarətinizi itirməmisiniz.

Milli hakimiyyət dövründə isə sizə etimad göstərilərək  Lənkəran kimi mürəkkəb bir rayonda icra hakimiyyəti  başçısının müavini vəzifəsinə təyin olunmusunuz.  Həmin xaotik dövrdə rayonda stabillik yaradılmasına, qarşıdurmalardan yan keçilməsinə nail olmusunuz. Sonrakı illərdə Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmlənməsi və demokratiyanın qorunub saxlanılması üçün əlinizdən gələni etymisiniz.

Bu gün siz VHP ideyalarının ən odlu təbliğatçılarından birisiniz. Yaxşı bilirsiniz ki, həmrəylik, birlik olmadan dövlətçiliyi qorumaq  və uğrunda qanlar tökülən Azərbaycan Cümhuriyyətini bir əmanət kimi gələcək nəsillərə ötürmək mümkün deyil. Bu yolda bütün güc və enerjinizi sərf etməkdəsiniz.

Əziz əqidədaşımız, səni doğum günün münasibətilə bir daha təbrik edir, sənə uzun ömür və cansağlığı arzulayırıq. Arzu edirik ki, uzun illər uğrunda mübarizə apardığın böyük amallar tezliklə gerçəkləşsin!

Hörmətlə: Sabir Rüstəmxanlı və VHP Siyasi Şurasının üzvləri” 

Comments are closed.