Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası partiya sədrinin müşaviri Arif İsmayılbəylini 55 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

 Hörmətli Arif bəy!

Sizi 55 illik yubileyiniz müasibəti ilə təbrik edir, sizə can sağlığı, uğurlar arzulayırıq.

Siz gənclik illərindən Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda başlayan mübarizənin önündə olmusunuz. Lənkəran ziyalılarının Milli Azadlıq Hərəkatında səfərbər olunması və hədəflərimizə çatmaqda böyük xidmətlər göstərmisiniz.

1992-93-cü illərdə Lənkəran rayon İcra Hakimiyyəti başçısının birinci müavini olaraq gördüyünüz işlər, apardığınız islahatlar hələ də yaddaşlardadır. Sizin birbaşa təşkilatçılığınız və iştirakınızla müharibə bölgəsinə, birbaşa cəbhənin ən qaynar nöqtələrinə xalq yardımlarının çatdırılması həmin dövrdə aparılan döyüşlərin taleyinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Siz 1993-cü ildən sonra da ictimai-siyasi həyatdan ayrılmamısız və Azərbaycanda demokratik, hüquqi dövlətin, vətəndaş cəmiyyətinin qurulması istiqamətində var qüvvənizlə çalışmısınız.

Sizin vətəndaş həmrəyliyi ideologiyasına üz tutmağınız və demokratik mübarizənizi 10 ildən artıqdır VHP sıralarında davam etdirməyinizdən çox məmnunuq. İnanırıq ki, Azərbaycanın müstəqilliyi kimi, demokratik və sivil bir dövlət quruluşunda yaşamaq da qismətinizə düşəcəkdir.

 

Hörmətli Arif bəy!

Bir daha Sizi 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə uzun ömür, ailə səadəti, siyasi mübarizənizdə və fəaliyyətinizdə uğurlar arzulayırıq.

 

Sayğılarla,

 Sabir Rüstəmxanlı və VHP Siyasi Şurasının üzvləri

Comments are closed.