Mayın 21-də Türkiyədə yaşayan Azərbaycan türkləri 2006-cı il 22 may hadisələrinin 5-ci ildönümüylə bağlı Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Tunalı Helmi prospektindəki Kuğulu parkında etiraz aksiyası keçiriblər.
 www.D-A-K.org –a daxil olan məlumata görə, bu barədə piket iştirakçılarından biri olan soydaşımız Nasir Səffari məlumat verib. Aksiya qardaş ölkənin mediası tərəfindən də yaxından izlənilib. Aksiyada Azərbaycan türklərindən başqa, Türkmənsəhra türkmənləri də iştirak ediblər: Bundan əlavə, piketə Azərbaycan Respublikasından Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü Cavid Mehrəliyev, Türkiyədə təhsil alan quzeyli-güneyli tələbələr, hətta yerli vətəndaşlar da qatılıb. Əllərində 2006-cı il may hadisələrində yaralanan və həbs olunanların şəkillərini daşıyan, ”Güney Azərbaycan türkündür”, ”İran adlanan yerdəki 35 milyon türkün qadağasına son!” və ”Türk dilində təhsil istəyirik!” plakatlarını tutan aksiya iştirakçıları “Şovinizmə yox!”, “Haray, haray biz türküz!”, “Azərbaycan bir olsun, başkəndi Təbriz olsun!”, “Ankara-Bakı-Təbriz, birlikdə güclüyüz biz!”, “Siyasi məhbuslarımıza azadlıq!”, “Azərbaycan oyaqdır, türk dilinə dayaqdır!”, “Oyan, oyan vətəndaş, Təbriz deyilmi qardaş?”, ”Azərbaycan milləti, qəbul etməz zilləti!” şüarları səsləndiriblər. Daha sonra nümayişçilər Türkiyə, Azərbaycan və türkmən bayraqlarıyla Tehran prospektindəki İran adlanan yerin bu ölkədəki səfirliyinin binası qarşısınadək yürüş ediblər. Onlar “Polisə daş atan əllər qırılsın!”, “Nə xoşbəxt  türkəm deyənə!”, “Qəhr olsun PKK” kimi şüarlar da səsləndiriblər. Piket zamanı İran adlanan yerin səfirliyinin binası soydaşlarımız tərəfindən yumurta atəşinə tutulub. Bundan sonra aksiya iştirakçıları adından danışan Davud Turan Güney Azərbaycanın İran adlanan yerin şimal-qərbində türklərin sıx olaraq yaşadığı bir coğrafiya olduğunu, burada Azərbaycan, Qaşqay, Türkmən, Hələç də daxil olmaqla 35 milyon türkün yaşadığını söyləyib. İran adlanan yerin əhalisinin yarıdan çoxunu təşkil edən türklərin siyasi, iqtisadi və ictimai haqlarından məhrum olduğunu deyən soydaşımız Güney azərbaycanlılarının dilləri və mədəniyyətlərinin bu ölkədə rəsmi təşkilatlar tərəfindən alçaldıldığını bildirib. Davud Turan bu cür təhqirlərin ən bariz nümunəsinin 2006-cı ilin mayında İran adlanan yerin prezidentinə bağlı olan “İran” adlı qəzetdə türklərin “tarakan”a bənzədilməsi olduğunu deyərək, buna etiraz əlaməti olaraq Güney Azərbaycan şəhərlərində kütləvi şəkildə mitinqlər başlandığını, ancaq aksiyaların hökumət qüvvələri tərəfindən sərt bir şəkildə yatırıldığını vurğulayıb. O, nəticədə onlarla adamın öldüyünü, yaralandığını və nəzarətə alındığını, qadın, uşaq demədən həbs olunanların da işgəncəyə məruz qaldığını qeyd edib. Davud Turan 2006-cı ilin may hadisələrindən sonra Azərbaycan türklərinə qarşı təzyiqlərin artmağa başladığını və yüzlərlə soydaşımızın müxtəlif bəhanələrlə həbs olunduğunu deyərək, bu il aprelin 2-də Təbriz və Urmu şəhərlərində Urmu gölünün qurumasına etiraz əlaməti olaraq keçirilən aksiyanın İran adlanan yerin təhlükəsizlik qüvvələri tərəfindən sərt bir şəkildə yatırıldığını və onlarla azərbaycanlının nəzarətə alındığını, hələ vəziyyətlərinin naməlum olduğunu söyləyib. O, Türkiyədə yaşayan Azərbaycan türkləri olaraq İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinə qarşı həyata keçirilən assimilyasiya və təhqir siyasətinə son verilməsini, Güney Azərbaycanda insan haqları pozuntularına son qoyulmasını, Azərbaycan türklərinə qarşı təzyiqlərin aradan qaldırılmasını, Azərbaycan türklərinin ana dilində təhsil almasını, onların ictimai fəaliyyətinə maneə törədilməməsini, düşüncə və inanc səbəbiylə həbsdə olan soydaşlarımızın qeyd-şərtsiz sərbəst buraxılmasını, universitetlərdə türk tələbələrin ali təhsillərinə maneçilik törədilməməsini, coğrafi adların dəyişdirilməməsini, bölgədə demoqrafik vəziyyətin dəyişdirilməsinə, tarixi abidələrin məhv edilməsinə son qoyulmasını, Güney Azərbaycanın ekologiyasının qorunmasını, Urmu gölünün qurumasının qarşısının alınması üçün konkret addımlar atılmasını tələb etdiklərini bəyanlayıb. Sonda hadisələrdə həbs olunanların adları tək-tək sayıldıqdan sonra diplomatik korpusun qarşısına simvolik olaraq qara çələng qoyulub və piket dinc şəkildə başa çatıb. 
 
 

Comments are closed.