Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin keçmiş əməkdaşı, tanınmış şair Əli Kərimin oğlu Orxan Kərimovun xəstəliyi ilə əlaqədar barəsində seçilmiş həbs-qəti imkan tədbirinin dəyişdirilməsi vəsatətinə baxılıb. Orxan Kərimovun qardaşı Paşa Kərimovun ANS-ə verdiyi məlumata görə, proses zamanı onun səhhəti pisləşib və huşunu itirib. Dərhal prosesdə fasilə elan olunub və məhkəməyə “Təcili yardım” çağırılıb, Orxan Kərimova tibbi yardım göstərilib. 

Fasilədən sonra proses davam edib və hakimlər vəsatətin təmin olunmamasına qərar verib. Paşa Kərimovun sözlərinə görə, Orxan Kərimov məhkəmədən təcridxanaya aparılıb. 

Orxan Kərimovun vəziyyəti ilə bağlı tanınmış ziyalılar isə prezidentə müraciət etmək qərarına gəlib. Konkret olaraq xalq yazıçısı Anar və xalq şairi Sabir Rüstəmxanlı Orxan Kərimovla bağlı ölkə prezidentinə müraciət ediblər. Müraciətdə Orxan Kərimovun səhhətində yaranan problemlərdən narahatlıq ifadə olunur və onun ürək əməliyyatını ixtisaslaşdırılmış klinikada həyata keçirilməsi üçün zaminə buraxılması xahiş olunur. 

ANS-ə müsahibəsində Sabir Rüstəmxanlı müraciətə cavab gözlədiklərini deyib: “Mənim də bir Əli Kərim sevən insan kimi onun oğlu haqqında narahatçılıq keçirməyim, ən azı məhkəmə orqanlarına onun kimyliyini xatırlatmağım vacibdir. Biz Orxan Kərimovun günahkar olmadığını iddia eləmirik və yaxud ona məhkəmədə hər hansı güzəşt olunmasını belə tələb etmirik. Hərçənd bu insanlara bir az daha həssas yanaşmaq mümkündür. Biz Orxan Kərimovun ürək xəstəsi olduğunu bilirik. Həbsdən əvvəl ürək əməliyyatı keçirib, damarlarında problem var və yatdığı yerdə onun xəstəliyi təsdiq olunur. Sadəcə, xahiş edirik məhkəmə prosesində onun müalicəsinə şərait yaradılsın”. 

Orxan Kərimovun işi baxılması üçün hazırda Ali Məhkəmədədir. Məhkəmə orqanından isə məsələ ilə bağlı heç bir açıqlama verilmədi. Xatırladaq ki, Orxan Kərimov rüşvət almaqda ittiham olunaraq ötən il həbs olunub. Həbsxanada onun ürəyinin tac damarlarında ağır fəsadlar yaranıb. Orxan Kərimovun ailə üzvləri onun xəstəliyinə görə zaminə buraxılması haqqında müraciətə müsbət cavab veriləcəyinə ümid etdiklərini bildirib. 

Comments are closed.