Samir Əsədli: “Ona edilən təzyiq VHP-nin bütün üzvlərinə qarşıdır”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mətbuat xidmətinin rəhbəri Anar Niftəliyevin hədələnməsindən bir neçə gün keçsə də, siyasi təşkilat olaraq VHP-nin bu məsələ ilə bağlı rəsmi mövqeyi hələ də açıqlanmayıb. Partiya sədrinin təşkilati işlər üzrə müavini Samir Əsədlini də elə bu və digər məsələlərlə bağlı sorğu-suala tutduq:

– Siyasi partiyalarda ən çox aktivlik seçkilər öncəsi müşahidə edilir. Ancaq bununla yanaşı, siyasi təşkilatlar ilin əvvəlində özlərinin fəaliyyət proqramlarını hazırlayır, onu həyata keçirirlər. Cari fəaliyyət davam etdirilir, rayon təşkilatlarının toplantıları, yığıncaqları keçirilir, eləcə də seçkili orqanların – Siyasi Şuranın, Ali Məclisin tədbirləri mütəmadi olaraq təşkil edilir. Biz qarşıdakı ilə hazırlaşırıq. 2012-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının 20 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək. Eyni zamanda partiyamızın növbəti qurultayının da 20 illik yubiley ərəfəsində keçirilməsi nəzərdə tutulub. Yanvardan etibarən hazırlıq işlərinə başlayacağıq. Partiyamızın 79 rayon təşkilatı mövcuddur. İlk olaraq rayon təşkilatlarının konfranslarının keçirilməsi nəzərdə tutulur. Eyni zamanda regionlar üzrə partiyamızın yubileyi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Təbii ki, işlər plan üzrə davam edir. Vətəndaş Həmrəyliyi Partiyasında bu illər ərzində yetişmiş, partiya məktəbi keçmiş şəxslərin, eləcə də gənclərin təşkilatımızın rəhbəri strukturlarına gətirilməsi nəzərdə tutulur. Artıq bu proses başlayıb. Yanvardan isə hazırlıq işlərinə start veriləcək, konfranslar keçrilicək. Partiyanın iyirmi illiyi ilə bağlı tədbirlər paytaxtda düzənlənəcək, habelə digər böyük şəhərlərdə yubiley mərasimlərinin təşkili planlaşdırılır.

– Adətən, Azərbaycanda fəaliyyət göstərən partiyaların qurultaylarında hər hansı ciddi yeniliklər – rəhbər, nizamnamə dəyişiklikləri baş vermir. Qurultay yetkililəri toplaşaraq köhnə sədri, seçkili orqanları yenidən öz yerlərinə seçib, bununla da işlərini başa vururlar. Vətəndaş Həmrəyliyi Partiyasında da belə olacaq?

– Bizim sonuncu qurultayımızda ciddi dəyişikliklər baş verdi. Nizamnamə demək olar ki, tamamilə yeniləndi. Məramnamə proqramdır, o, hər ilə – siyasi, iqtisadi dəyişikliklərə uyğun dəyişdirilir. Sonuncu qurultayımızda kadr islahatları da baş vermişdi. Siyasi Şurada, Ali Məclisdə, eləcə də digər orqanlarda bir sıra dəyişikliklər baş verdi. Bəzi qurumların tərkibi əsaslı şəkildə dəyişildi. Bir sıra əsaslı dəyişikliklər oldu. Partiyamızın növbəti qurultayında da əsaslı dəyişikliklər olması nəzərdə tutulur. Çox güman ki, partiya sədri öz vəzifəsində olduğu kimi qalsın. Onun özünün də açıqlaması var ki, olar bilər növbəti qurultayda Vətəndaş Həmrəyliyi Partiyasının sədrliyinə namizədliyimi irəli sürməyim.

– Bəli, Sabir bəy belə bir açıqlama vermişdi. Siz partiya funksioneri kimi sədrlə gündəlik ünsiyyətdə olursunuz. Sabir bəyin sədrliyə namizədliyini irəli sürməmək qərarı qüvvədə qalırmı?

– Sabir bəy iyirmi ilə yaxındır ki, Vətəndaş Həmrəyliyi Partiyasına sədrlik edir. Bu illər ərzində partiyanın rəhbər orqanlarında təşkilatı idarə edə biləcək kifayət qədər kadrlar var. İddialı şəxslər də var. Amma təbii ki, Sabir bəy partiyanın qurucusudur, böyüyümüzdür. Buna görə də ona xüsusi ehtiramımız var. Biz çox istərdik ki, Sabir bəy partiyanın sədri kimi qalsın. Növbəti beş ildə də sədr kimi fəaliyyətini davam etdirsin. Amma bu onun şəxsi işidir, yəni namizədliyini verə də bilər, verməyə də…Təbii ki, qurultay ərəfəsində Sabir bəyin sədrliyə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı rəsmi açıqlama olacaq.

– Bəs prezident seçkilərində iştirak məsələsi nə yerdədir, Sabir Rüstəmxanlı namizədliyini irəli sürəcəkmi?

– Prezident seçkilərinə hələ xeyli müddət var. Hələlik Vətəndaş Həmrəyliyi Partiyasında bununla bağlı hər hansı müzakirələr aparılmayıb. Həmin səbəbdən də indi bununla bağlı açıqlama vermək məqsədəuyğun olmazdı. Təbii ki, qurultay ərəfəsində ali forumun toplantıları bu məsələyə də münasibətlərini ifadə edəcəklər. Ola bilər ki, Sabir bəyin prezidentliyə namizədliyi irəli sürülsün, yaxud digər şəxsin. O da ola bilər ki, müxalifətin hər hansı vahid namizədi olarsa, Vətəndaş Həmrəyliyi Partiyası seçkilərdə onu dəstəkləsin. Təbii ki, bu üç versiyadan hər hansı biri reallaşa bilər.

– VHP parlament seçkilərində ADİP-lə əməkdaşlıq etdi. Bu əməkdaşlıq indi də mövcuddur, yoxsa?

– Biz parlament seçkilərinə Demokratik İslahatlar Partiyası ilə birlikdə qatıldıq. Həmin partiyanın rəhbər orqanlarında çalışan şəxslərlə əlaqələrimiz, ünsiyyətimiz mövcuddur. Orada mənim də dostluq münasibətində olduğum kifayət qədər insan var. Qarşılıqlı əməkdaşlığımız davam edir. İstər rayonlarda, istərsə də mərkəzdə, hər hansı məsələ ortaya çıxdıqda onu birlikdə müzakirə edirik. Müttəfiqliyimiz özünü bu günə kimi saxlayıb. İstər partiya sədrləri, müavinləri, istərsə də digər səviyyələrdə əməkdaşlıq var.

– Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətinin rəhbəri, tanınmış yazar Anar Niftəliyev (Mahmudoğlu) bir neçə gün bundan əvvəl naməlum şəxslər tərəfindən hədələnib. Bəzi şəxslər onu təhdid edirlər. Amma nədənsə Vətəndaş Həmrəyliyi Partiyası həmin xoşagəlməz halla bağlı mövqeyini bu günə kimi açıqlamayıb.

– Təbii ki, Anar Niftəliyev Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətinin rəhbəri, mənim VHP-də ən yaxın dostumdur, əqidə yoldaşımdır. Sabir Rüstəmxanlı da bu məsələdən xəbərdardır və müvafiq addımlar atıb. Ancaq Anar özü belə bir təşəbbüsdə bulundu ki, hədələnməsi ilə bağlı hər hansı bəyanat yayılmasın. Lakin partiyanın “Facebook” səhifəsində bununla bağlı mövqeyi açıqlandı. Əvəz Zeynallı və digərləri həbsdədir. Biz onları vicdan məhbusları hesab edirik. Anar Niftəliyevə qarşı olan təhdidlər, hədə-qorxular da xoşagəlməz, yolverilməz haldır. Mətbuat millətin aynasıdır, bu aynanı qırmaq, ləkələmək, jurnalisti hədələmək olmaz. Niftəliyevə qarşı olan təzyiq təkcə Anara deyil, eyni zamanda Vətəndaş Həmrəyliyi Partiyasının bütün üzvlərinə qarşı təzyiqdir. Mən bunu həm də özümə qarşı təzyiq hesab edirəm. Biz partiya olaraq Anarın mühafizəsi təşəbbüsü ilə çıxış etdik, amma o özü bundan imtina etdi. Vətəndaş Həmrəyliyi Partiyasının bəzi üzvləri, mən də daxil olmaqla Anarın mühafizəsində durmağa hazırıq. İstər əvvəllər tutulanlar olsun, istərsə də indi, partiyanın bu məsələ ilə bağlı mövqeyi mənfidir. Biz bunları pisləyirik. Konstitusiyamızda söz, fikir azadlığı mövcuddur. Heç kimi təhqir etmək olmaz. Anar da bununla bağlı müvafiq orqanlara müraciət edib. Amma məlum olur ki, bu məsələnin araşdırılmasını o bölmə bunun, bu bölmə isə onun üzərinə atır. Vətəndaş Həmrəyliyi Partiyası olaraq bunu qəti şəkildə pisləyirik. Jurnalistə qarşı təzyiq, təhqir yolverilməzdir. Təəssüflənirik ki, belə xoşagəlməz hallar baş verir. Aidiyyəti orqanlar dərhal bununla bağlı ölçü götürməlidirlər. Əgər kimsə başqasını hədələyirsə o, cinayətkardır, cinayətkar isə layiqli cəzasını almalıdır.

 Anar Tağıyev

“Gündəlik Bakı” qəzeti

Comments are closed.