Sentyabrın 20-də Bakıdakı “MediSina” Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı vurulan narkozdan keçinmiş tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı jurnalist Anar Niftəliyev sentyabrın 26-da “Media forum” saytına verdiyi açıqlamada gələn həftə Səhiyyə Nazirliyinə və Baş Prokurorluğa müraciət edəcəyini deyib: “MediSina” Tibb Mərkəzinin həkim heyəti sentyabrın 24-də dindirilib. Həkimlərlə yanaşı baş həkimin də izahatı alınıb. Hələlik cinayət işi açılmayıb. İşi Nəsimi rayon prokurorunun köməkçisi İsmayıl Rövşənov araşdırır. Sentyabrın 25-də qayınatam Tofiq İmanquliyevlə birgə Nəsimi Rayon Prokurorluğuna getmişdik. Baş verənləri əvvəldən sona kimi danışdıq. İfadə ancaq cinayət işi qaldırılandan sonra alınacaq.

Prokurorluq ekspertizanın rəyini gözləyir. Amma ekspertizanın ilkin rəyi var. İlkin rəyə görə, ölümün səbəbi kimi nəfəs çatışmazlığı göstərilir. Bu məlumat mətbuatda gedəndən sonra bəziləri elə yozdular ki, guya Elnarənin nəfəs çatışmazlığı hansısa xəstəlikdən yaranıb. “Nəfəs çatışmazlığı” ifadəsini tibbi termin kimi işlədirlər. Narkoz veriləndə Elnarənin nəfəsi dayanıb. İndi nəfəs çatışmazlığının nədən yarandığı araşdırılır”.

Anar Niftəliyev deyib ki, əməliyyat üçün “MediSina” Tibb Mərkəzini onlara məsləhət bilmiş Fərəcullah İdrisovun məsuliyyətdən yayınmağa çalışmasından narahatdır: “Fərəcullah İdrisov yol verdiyi səhlənkarlıqdan sonra utanmaq əvəzinə özünə bəraət qazandırmaq istəyir. Gələn həftə səhiyyə naziri Oqtay Şirəliyevə, Baş Prokurorluğa müraciət edəcəyəm. Çox istəyirəm ki, bu məsələ prezidentin nəzarəti altında araşdırılsın. Çox yüngül hesab olunan və adicə keyidici dərmanla – “Novokain”lə aparıla biləcək 15-20 dəqiqəlik əməliyyat idi. Narkoz verib ağırlaşdırdılar”.

Bu cür əməliyyatı həyata keçirməyə “MediSina” Tibb Mərkəzində yetərincə avadanlıq olmadığını söyləyən Anar Niftəliyev klinikaya bütün əməliyyatları aparmaq üçün lisenziya verildiyini də qeyd edib: “Klinikanın texniki imkanları bu cür onkoloji əməliyyatlar aparmağa imkan vermir. Elnarə əməliyyat olunan günü xəstəxanaya gələn həkim dostlarımız da mövcud avadanlıqların primitiv olduğunu söylədilər. Yəqin prokurorluq onu da diqqətdə saxlayar ki, “MediSina” Tibb Mərkəzi bu cür primitiv avadanlıqlarla əməliyyata razılıq verib. Bütün bu məsələlər aydınlaşdırılmalıdır.

Səhiyyə Nazirliyi məsələni birbaşa diqqətdə saxlamalıdır. Ən vacib məqamlardan biri də prokurorluğun klinikadakı şəraiti yoxlamaq üçün hansı addımlar atacağıdır. Başa düşürəm ki, ekspertizanın nəticəsini gözləyirlər. Amma xüsusi hərəkətlilik görmürəm. Deyirlər standart qaydalar var, bunlara əməl olunmalıdır. Nəticələr 10 gün içərisində gəlməlidir. Hələlik yalnız 6 gün keçdiyindən bir söz deyə bilmirəm. Biz şübhələrimizi dilə gətiririk ki, klinikadakı tibbi avadanlıq primitivdir. Sabah klinika rəhbərləri yeni avadanlıq alıb deyərlər ki, əməliyyatlar bu avadanlıqla aparılıb. Səhiyyə Nazirliyindən, ya prokurorluqdan gələn olanda köhnə avadanlığı yox, yenisini göstərərlər. Bu cür hallar baş verməsin deyə prokurorluğun hansı işləri gördüyündən xəbərsizəm”.

Nəsimi rayon prokurorunun köməkçisi Şəbnəm İbrahimova “Media forum”a açıqlamasında Elnarə Tofiqqızının ölümü ilə bağlı bütün detalların hərtərəfli araşdırıldığını bildirib: “Araşdırmaların sonunda “MediSina” Tibb Mərkəzindəki avadanlığın bu cür onkoloji əməliyyatlar aparmaq üçün yararlı olub-olmadığı aydınlaşacaq. Hələlik araşdırma davam etdirildiyindən konkret bir söz demək mümkün deyil”.

Comments are closed.