Röyalə Məmmədova
VHP GT sədrinin I müavini

XIX əsrin II yarısı  Rusiya türkləri  üçün özünəməxsusuluğu  ilə seçilən dövrdür. Qafqazın Osmanlı və Avropaya yaxın olması  bu regionda yeniləşmə,modernləşmə ideyalarının  yayılmasına  səbəb olmuşdu. Fransa burjua inqilabı (1789-1794), Volter , eləcə də digər müəlliflərin əsərləri  çox millətli  dövlətlərə öz təsirini göstərməkdəydi. Xüsusən də Avropada təhsil almış ziyalılar prosesləri öz ölkələrinə daşımağa cəhd edirdilər. Qafqazda  XIX əsrin  II yarısında təkan götürən  proseslər XX  əsrin əvvəllərində güclənir. Əgər bu dövrdə Qafqazada milliyətçilik hərəkatı dağınıq idisə , Osmanlıda  bunun əksi olaraq təşkilatlanmış şəkildə fəaliyyət  göstərilirdi.  Anadoluda türk milliyətçiliyinin idarə olunmasında Qafqaz türklərinin  böyük  rolu  olmuşdur.

Həm Qafqazda ,həm də Osmanlıda  bu baxımdan fəaliyyətdə bulunan şəxslərdən biri  Əhməd bəy Ağaoğlu , digəri Əli bəy Hüseynzadə olmuşdur. Əli bəy Hüseynzadə “İttihad və Tərəqqi”nin qurucularından olmuşdur. Bu iki şəxs uzun müddət birgə çalışmışdır. Bu baxımdan onların məktublaşması  diqqəti cəlb edir.

Qeyd edim ki, məktubların sayı 15 ədəddir. Bunlardan 2-si fransızca, qalan 13-ü  isə türkcədir. Məktublardan 3-ü  1922-ci il, 5-i 1923-ci il ,5-i 1931-ci ildə yazılmışdır. Fransızca məktubların isə dəqiq tarixi yoxdur.  Məktubların  hamısını  vermək  imkanımız olmadığından lazım bildiklərimi diqqətinizə çatdıracam.

Məktub-1.     Əhmət bəydən- Əli bəyə:

Əziz yoldaşım,Əli bəy, məktubunuzu aldım. İstanbuldan ayrıldıqdan sonra ətrafınızda bir boşluq olduğunu və bu boşluğu doldura bilməməyinizdən şikayət  edirsiz. Əziz yoldaşım, son 4 il bütün Türk dünyası  üçün  dərəbəylik dövrü olmadımı? Biz burada daim mübarizə içində sərxoş olarkən, sənin sakit ruhunun  özünə ümid yeri  tapdığına əminəm. Türkün əbədi  aşiqi olan Əli bəy Hüseynzadə heç vaxt türkdən ümidini  kəsməz…  Ümid edirəm ki, biz bu mübarizədə məğlub olmayacağıq.

Uşaqlarım haqqında  etdiyiniz lütflərə görə  sənə və     Hatiyə  xanıma  minnətdaram. Oraya  özüm gəlmək istəyirdim, lakin alınmadı. Xanımınza  salamlarımı çatdırın.

(Ağaoğlunun bəsh etdiyi dövr  Milli Azadlıq hərəkatının son dövrləridir. 1918-ci il ingilislərin baskınından sonra  aralarında Əhmət bəyin də olduğu bir qrup ziyalı və millət vəkili Maltaya sürgün edilmişdi. Sürgündən qayıtdıqdan sonra  Anadoluya keçərək  Atatürkün yanında milli mübarizəyə başlayır. Ankara hökümətinin qərarı ilə Mətbuat və İstihbarat  Ümum Müdiri  və Hakimiyyəti-milliyə qəzetinin baş yazarı olur. Bu zaman təsadüfən sürgündən qurtulan Əli bəy  isə Universitetdə müəllimlik edirdi. )

Məktub-2.     Əhmət bəydən:

İndiyənə qədər sizə məktub yazmamağımın günah olduğunu bilirəm. Amma  üzərimə aldığım vəzifənin ağırlığı mənə dostlarımı düşünməyə vaxt və hüzur  vermir. Əlhəmdülillah  mübarizəmizin uğurla getməsi bizə nəfəs almağa imkan verdi. Allaha minlərcə şükürlər. Türklük tarix səhnəsinə daha möhtəşəm sima ilə çıxır. Sən türklüyü yeni  üfüqlərə  aparacaq, bunu aşılayacaq amillərdən birisən. Bu həqiqəti dostların heç vaxt unutmadı  və əmin ol ki, həm fəlakətli ,həm də məmnun zamanlarda  xatirən heç vaxt  qəlblərdən silinməmişdi.  Son 4-5 ildə sıxıntılar içində olduğunuzu hamımız bilirik, lakın hamı eyni drumda olduğundan kömək edə bilmirdik. Amma ümid edirəm ki, bundan sonra hər şey yaxşı olacaq.

Sürəyya və Tazə xanımı  övlad olmaq üzrə sənə həvalə edirəm. Təhsillərini natamam buraxmamaq üçün İstanbula göndərmək məcburiyyətində qaldım və  səndən başqa  güvənəcəyim yer  tapmadığımdan sən və  Hatiyə xanımı  zəhmətə salmalı oldum. Onları qəbul etməniz məni əvəzi  ödənilməyəcək  qədər minnətdar etdi.

Bu məktubla sənə 350 lira göndərdim. Bu məbləğdən 115 lirasını Əbdürrəhmanın  oxuduğu məktəbin idarəsinə təslim etmənizi xahiş edirəm.  Geridə qalan 235 liradan 120-ni qızların iki aylıq masrafı üçün qəbul  edin. Qalan 115 lira da uşaqların  özlərinə bəzi əşyalar alması və xərclikləri  üçündür.

Artəq uşaqlar sənindir. Bilirsən ki, mən insanda əxlaqa ,mətanətə üstünlük verirəm. Mən türk qızlarının sərbəst olmalarını, həyata qarışmalarını,ictimai işlərdə fəal olmalarını diləyirəm. Qızlarımın da bu istiqamətdə hazırlanmalarını istəyirəm. Amma sərbəstlik və hürriyyətin  intizamsız şəklə gəlməsini istəmirəm.  Qardaşım,artıq onların atası sənsən,hər şeyi sən yaxşı bilərsən. Öz uşaqlarınızla necə davranırsınızsa  onlara  da elə davranın. Artıq onları sizə, sizi də Allaha tapşırıram. Xanımlara salamlarımı çatdır. Uşaqların üzlərindən, gözlərindən öpürəm.

(Bu məktubda  Ağaoğlu daha  ümidlidir və işlərin yoluna girdiyini deyir. Çünki bu məktubub yazılmasından 6 gün əvvəl  Türkiyə ilə İngiltərə arasında Mudanya sülh müqaviləsi  imzalanmışdı.)

Məktub-3.

Əziz qardaş,məktubum cavabsız olan üçüncüsüdür. Başqa  adam olsaydı inciyər,bir daha yazmazdı. Amma  səni tanıdığım üçün insafa gətirəcəyimə əminəm.

Mustafa Kamal Paşa Həzrətlərindən  İstanbul Türk Ocağı üçün 3 min aldığımızı əlbəttə ki, qəzetlərdən oxudun.O qüvvətli  bir  türkçüdür.  Həmdullah tezliklə ocağın açılış mərasimində  iştirak etmək üçün İstanbula gedəcək. Mən də getmək arzusunda idim. Amma hələlik hökumət mənim buradan ayrılmağıma razı olmur.  İnşallah sülhə nail olandan sonra hamımız  birləşib əvvəlki  işlərimizə qayıdarıq. Səni buraya gətirtmək istəyirik, razısanmı?

(Bu məktub türk ocaqlarının tarixi baxımdan önəmlidir. İngilislər İstanbulu işğal etdikdən sonra  Türk Ocaqlarını bağlatmış və üzvlərini Maltaya sürgün etmişdilər. Qələbədən sonra  buna son qoyulur və Türk Ocaqları yenidən fəaliyyətini  bərpa edir.)

Məktub-4.

Əzizim Əli yoldaş!

Sən qocalmırsan. Bunun səbəbini  bizə də öyrədə bilərsən? Ağ saçların əhəmiyyəti yoxdur. Vay halımıza  ki, ürək qocalmağa başlasın. Xoşbəxtsən ki, yaxşı bir dərman tapmısan. Narahat olmamaq və  gənclik qaydalarını tez  mənimsəməmək!

Amma  düşünürəm ki, bir az  aktyorluq edirsən. Əli bəy düşünmədən, narahat olmadan mühitə laqeyd qala bilərmi? Yeni fikirləri  mənimsəməyə gəlincə ,əzizim, bu qəlb qocaldısa heç nəyin faydası yoxdur. Yataqdan əzgin, öskürərək qalxanda  o fikirlər də unudulur. İstanbulun halından və bəzi tanışların düşdüyü vəzyətdən danışırsan. Bu  ağır hadisədir. Amma ,əzizim, viran olmuş Anadolunu  görsən  şəfqətinin bir hissəsini  də bura verərsən. Məruz qaldığın durumun mən burda daha şiddətlisi qarşısındayam. Üstəlik də acizəm.

Məktub-5.

Bəzi yerlərdən  İstanbul  məbusluğuna namizədliyimi irəli sürməyim tövsiyyə olunur. Paşa həzrətlər də məsləhət  görür. Amma mən hələ qərar verməmişəm. İstanbuldan millət vəkili seçilmiyəcəyimə əmin olduğum üçün tərəddüd edirəm və sizin fikrinizi bilmək istərdim. Nə düşünürsünüz? Şansım nə qədərdir? Namizədliyimi  irəli sürsəm  kömək  edəcəyinizi  vədd edirsinizmi? Verdiyim suallara səmimi  və açıq  cavablarınızı gözləyirəm.

(Həmin ildə Ağaoğlu Qarsdan millət vəkili seçilir)

Comments are closed.