Sabir Rüstəmxanlı: “Bəlli olur ki, onların Allahdan qorxuları yoxdur”

İranlı axund Məhəmməd Cavad Lənkəraninin yazıçı Rafiq Tağının bıçaqlanmasına və onun ölməsinə sevindiyini bildirməsi birmənalı qarşılanmayıb. Rafiq Tağı son yazılarında İranın siyasətini tənqid etmişdi. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı da İranın apardığı siyasəti tənqid edən bəyanatlarla çıxış edən şəxslərdəndir. 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyev Sabir Rüstəmxanlının öldürülməsilə bağlı fətva vermişdilər. Mitinqdə səslənmiş hədələrlə bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə başlanan cinayət işi üzrə məhkəmənin qərarı ilə hər iki şəxs 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Yaranmış vəziyyətdə həyatına təhlükə hiss edib-etməməsini öyrənmək üçün R.Rüstəmxanlı ilə əlaqə saxladıq. Millət vəkili bildirdi ki, iranlı ayətullahın bəyanatı İslama ziddir: “İran ayətullahının bəyanatından bəlli olur ki, onların Allahdan, dindən, Qurandan qorxuları yoxdur. Atılan addımların çoxu İslama zidd olsa da, hər şeyi ayaqlar altına atıb, fars şovinist rejiminin maraqlarını qorumaq baxımından bütün gözlənilməz addımlar ata bilərlər. Bu, hər kəsi narahat edir. Hələ 1988-ci ildə demişəm ki, mən bu meydana kəfənimi boğazıma dolayıb gedirəm. Həyatımız bu cür keçib. Buna görə də bu, məni narahat eləmir”. Rafiq Tağının qətlə yetirilməsindən və İran ayətullahının bu tipli bəyanatından sonra təhlükəsizlik baxımından hüquq-mühafizə orqanlarına müraciət edib-etməməsinə gəlincə, Sabir Rüstəmxanlı bunları dedi: “Bu məsələ ilə bağlı müraciət etməmişəm və belə bir niyyətim də yoxdur. Bu cür təhlükələrdən çox görmüşəm. Allah bir ömür verib, onu yaşayırıq”.

S.KAZIMLI
“Yeni Müsavar” qəzeti 

Comments are closed.