“Azərbaycan Alimlər Birliyi” “Azərbaycanın sabahını düşünərkən” adlı  elmi konfrans keçirmişlər. Konfrans Dünya Azərbaycanlıları Konqresinin qərargahında baş tutmuşdur.

Tədbirdə millət vəkili Sabir Rüstəmxanlı, professor Cəmil Həsənli, fəlsəfə elmləri doktoru Yadigar Türkel, Arxeologiya və Etnoqrafiya tarix elmləri üzrə fəlsəfə doktoru Xaləddin Xəlilli,  Fəlsəfə, Sosialogiya, Hüquq İnstitunun əməkdaşı Yasəmən Qaraqoyunlu, Şərqşünaslıq İnsititunun əməkdaşları  Mirzə Ənsərli,  Zülfiyyə Vəliyeva,  İqtisadyyat  İnstitunun əməkdaşı iqtisad elmləri üzrə fəlsəfə doktoru  Əli  Hüseynov, Tarix İnstitunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xeyirbəy Qasımov , M.Füzuli adına Əlyazmalar İnstitunun elmi işçisi İbrahim Quliyev iştirak etmişlər. Konfransı giriş sözü ilə millət vəkili Sabir Rüstəmxanlı açaraq Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq aləmdəki mövqeyi, iki bölünmüş xalqın haqlarının dünyada tanıdılması istiqamətində alimlərimizin görə biləcəyi işlərdən danışmışdır. Millət vəkili vurğulamışdır ki,  belə tədbirlər bundan sonar da müntəzəm keçirilməli, Azərbaycanın həyatında alimlərin fəaliyyəti genişlənməlidir.

Fəlsəfə elmləri doktoru Yadigar Türkel bir tədbirdə Azərbaycanın dünəni, bu günü, sabahı barədə söhbət açmağın mümkün olmadığını bildirərək Azərbaycan elminin strateji məqsədləri barədə öz fikirlərini tezis şəklində açıqladı. O, plüralist demokratiyanın cəmiyyətdə bərqərar olması üçün alimlərin üzərinə böyük yük düşdüyünü bildirdi. Professor Cəmil Həsənli Azərbaycanın sabahının təhsilimizlə bağlı olduğunu vurğulayaraq təhsilimizdə ciddi islahatlara ehtiyac olduğunu dilə gətirdi. “Bu ilki buraxılış imtahanlarının nəticələri təhsilimizin son dərəcə ağır vəziyyətinin göstəricisi oldu. Məzunların 46,7 faizinin bilik səviyyəsi qeyri –qənaətbəxş kimi qiymətləndirilmişdir. Sabah bu gənclər ölkənin sahibləri olacaq. Onlar bu cəmiyyətə nə verə bilərlər”, -deyə alim öz həmkarlarına müraciət etdi. Cəmil müəllim daha sonra bütün yükün dövlətin üzərinə qoyulmasının da müsbət yanaşma olmadığını bildirdi. O, hər bir fərdin fəal vətəndaş olaraq, cəmiyyətdə gedən məsələlərə münasibət bildirməsini vacibliyini qeyd etdi.

Etnoqraf alim Xaləddin Xəlilli ölkədə kitaba münasibətin acınacaqlı vəziyyətdə olduğunu bildirdi. Alim etnoqrafiya haqqında tutarlı əsər yazdığını, lakin dövlət səviyyəsində əsərinin laqeydliklə qarşılanmasından şikayətləndi.

Yasəmən Qaraqoyunlu isə çıxışında ilk öncə tarix elminə münasibətini açıqlayaraq, bu sahədə dəqiq konsepsiya olmadığını dilə gətirdi.  O, tarixə yanaşmada imperatorluq prinsipinin vacibliyini qeyd etdi. Yasəmən xanım daha sonra Gürcüstan azərbaycanlılarının və bütövlükdə Qərbi Azərbaycan probleminə toxundu. 

Şərqşünaslıq İnstitunun əməkdaşı Mirzə Ənsərli bir çox bəlalarımızın ağsaqqallıq institunun pozulmasından yarandığını qeyd etdi. “Mən geneologiya ilə məşğulam. Öz kəndimizin kitabını yazmışam. Bunu niyə görə etdim?  Ona görə ki, çox adamlar öz babalarından o yananı tanımır. Bu halda hansı milli kökdən, ənədən danışmaq olar?”

İqtisadçı alim Əli Hüseynov alimlərin sosial –  iqtisadi problemlərindən danışdı. Konfransda belə tədbirlərin müntəzəm keçirilməsi qərara alındı. Konfrans ictimaiyyətə müracitlə işini yekunlaşdırdı.

Comments are closed.