Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı “Azadinform”un suallarını cavablandırıb.

– Sabir müəllim, bu gün cəmiyyətdə belə bir fikir formalaşır ki, Azərbaycanda müxalif partiyalar passiv fəaliyyət göstərir. Nədir bunun səbəbi?

– Hər şeydən əvvəl onu bilmək lazımdır ki, bu, parlamentə düşməklə bağlı deyil. Bilirsiniz, Azərbaycanın müstəqillik yaşı artdıqca məlum müharibə, torpaqlarımızın işğalı faktoru qalır və bu, cəmiyyətdə bütün təbəqələrin işinə müəyyən məsuliyyət qoyur. Yəni bu müharibə faktoru Azərbaycanda iqtidar-müxalifət mübarizəsinin açıq müstəviyə keçməsinin qarşısını alır. 1990-cı illərdə Azərbaycanda hakimiyyət ehtirası çox gərgin ziddiyyətlər yaratmışdı, amma sonralar həm iqtidar, həm də müxalifət bu işğal prosesinin və onun nəticəsinin aradan qaldırılmasının bir problem olması ilə razılaşmalı olub. Bu, Azərbaycanda iqtidar-müxalifət münasibətlərinə bir dialoq havası gətirib və bu, davam edir. Amma bəzi qüvvələr xüsusən də parlamentdə olan müxalifətin zəifləməsi kimi fikir yaymağa çalışır. Bu, belə deyil. Azərbaycan parlamentində təmsil olunan müxalif partiyaların cəmiyyətdə kifayət qədər gücü var. Sadəcə olaraq, onlar həmişə Azərbaycanın ümummilli problemlərini nəzərə alıb hadisələrə daha təmkinlə yanaşırlar. Bu gün ortada iki mübarizə meydanı var – Milli Məclis və mətbuat. Qalan bir qrup müxalifət partiyaları var ki, 100-200 nəfərlə küçələrə düşüb haray- həşir qoparmağa çalışır ki, buna da mübarizə demək olmaz. Ona görə də hesab edirəm ki, müxalifət cəbhəsində həmişə elə parlamentdə təmsil olunan müxalifət nümayəndələri öz sözlərini lazımı formada deyiblər. O ayrı məsələdir ki, bu gün parlamentdə iqtidarı təmsil edən nümayəndələr daha çoxdur və hansısa məsələdə onlar müəyyən üstünlüyə malikdirlər. Lakin ümumilikdə demək olmaz ki, parlamentdə təmsil olunan müxalif partiyalar zəifləyib. Düzdür, açıq danışmaq lazımdır ki, bu gün parlamentdə kütləyə, mətbuata  görünmək üçün özünü işlək göstərən partiya nümayəndələri də var. Eyni zamanda səssizcə demokratiyanın inkişafı yönündə işləyən, çalışan partiyalar da mövcuddur. Biz də özümüzü məhz bu kateqoriyada görürük.

– Bir qrup müxalif partiya arasında yaradılan İctimai Palata özünü doğrultmadıqdan sonra həmin partiyalardan bəziləri “Kölgə parlament” deyilən əlavə bir qurum yaradırlar. Yeni yaradılan bu qurumda həmin partiyalar nəyəsə nail ola biləcəklər?

– Buna geniş çərçivədə baxdıqda normal demək olar, çünki ən azı o partiyalar cəmiyyət arasında axtarış aparır. Birləşmələr, ayrılmalar, qruplaşmalar əslində normal bir şeydir, amma nəticə etibarı ilə gərək hansısa xoş bir niyyətə xidmət etsin. Cəmiyyətin heç olmasa nəzərəçarpacaq qədər bir hissəsini ən azı əhatə edə bilsin. Bu, tək müxalif cəbhədə birləşən birliklərə aid deyil, iqtidaryönümlü cəbhəyə də aiddir, məqsəd xalqın maraqlarını əhatə eləmək olmalıdır. Əks halda getdikcə insanların müxalifətə qarşı olan-qalan etibarı da itir.
Bu gün açıq demək lazımdır ki, müxalifət arasında kifayət qədər soyuqluq yaranıb, qarşılıqlı ittihamlar çoxalıb. Xalq Cəbhəsinin yarandığı dövrdə olan birlik indi müxalifətdə yoxdur. İndi az qala hər partiyanın öz marağı var. Amma nəzərə alaq ki, bu gün ölkəmizin ümummilli maraqları var və bu maraqlar ətrafında partiyalararası inteqrasiya getməlidir.

– Payızda “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik ediləcək. İndidən həmin dəyişikliklərlə əlaqədar seçkilərdə uğur qazanmayan partiyalar barədə o qədər də müsbət fikirlər səslənmir…

– Məncə, burada bir proses gedir və o proses özü hər şeyi müəyyənləşdirəcək. Sadəcə olaraq, aktiv siyasi partiyalara daha çox dəstək göstərmək lazımdır. Seçkilərə qatılan, müəyyən tələblərə cavab verən partiyalar maliyyələşdirilməlidir. Bu, dünyada mövcud olan təcrübədir. Əgər o partiya, hansı ki, aktiv fəaliyyəti var, 20 il müxalifətdə yaşayırsa, bu, o demək deyil ki, o, acından ölməlidir. Əksinə, şans vermək lazımdır. Çünki cəmiyyət dəyişdikcə onların da arasında daha sağlam düşüncələr ortaya çıxacaq. Bu gün Azərbaycan cəmiyyəti günü-gündən dəyişir və inkişaf edir. Dəyişən cəmiyyətdə təbii ki, siyasi partiyaların sıraları da dəyişəcək. Ona görə də bütün bunlar həmin qanunda mütləq nəzərə alınmalıdır.

– Sabir müəllim, siz eyni zamanda Dünya Azərbaycanlıları Konqresinə (DAK) həmsədrlik edirsiniz. Son vaxtlar DAK-da qalmaqal, xüsusilə də sizə qarşı ittihamlar səngimək bilmir. Təşkilatda nə baş verir?

– Dəqiqini bilmək istəyirsinizsə, bu gün DAK öz fəaliyyətini genişləndirir. Artıq təşkilat beynəlxalq miqyasda belə öz əlaqələrini qurur. Dünyanın əksər ölkəsində parlament səviyyəsində, digər dövlət qurumları səviyyəsində DAK görüşlər keçirir. Dünyanın bir çox insan haqları təşkilatları ilə bizim müntəzəm əlaqələrimiz var. Bu gün bütün dünya artıq Azərbaycan xalqının bölünmüş xalq olmasını, 35 milyon azərbaycanlının bu gün İranda haqsızlıqlar içərisində yaşamasını çox gözəl bilir. Bunda əlbəttə ki, DAK-ın da fəaliyyəti böyük olub. Bütün bunlar daha çox da son illərin bəhrəsidir. Təəssüf ki, bu son ildə də bizim küçədən tutub gətirdiyimiz layiq olmayan adamlar indi durub deyirlər ki, “DAK böyük işlər görüb, amma Sabir Rüstəmxanlının vaxtında təşkilat çöküb”. Mənim haqqımda həqiqəti görməyib bunları danışanların da dəqiq psixoloji problemləri var. Onlarda yarımçıqlıq kompleksləri var. Onlar bir şəxsiyyət kimi, siyasətçi kimi və sair şəkildə özlərini tanıtdıra bilməyiblər və indi belə bir yola əl atırlar. Vaxtında biz onları küçədən gətirib şans vermişik ki, işləsinlər. Nə qədər şans versək də işləyə bilmədilər və biz də onları çıxarıb kənarlaşdırdıq. İndi ona görə hay-küy qoparıb, yalan püskürməklə məşğuldurlar. Gah məni Rusiyaya, gah da İrana bağlayırlar. İran mənə ölüm fətvası verib, mən necə İranın adamı ola bilərəm? Bu qədər də səviyyəsiz yalan olmaz. Elə buna görə də onlara cavab vermək, özümü onların səviyyəsinə endirmək istəmirəm. Biz sadəcə, öz yolumuzu gedirik.

Keçirdiyiniz son mətbuat konfransında sizə qarşı ittiham sürənlər barədə əlinizdə hansısa faktların olmasından danışmışdınız…

– Mən istəmirəm o barədə indi danışım. Amma onlara son sözüm budur ki, əgər istəyirlərsə, ayrıca bir təşkilat yaratsınlar. Onlar bizdən qovulanlardır və məsləhət görərdim yeni bir təşkilat yaratsınlar, adını da “DAK-dan qovulmuşlar” qoysunlar. Onlara bir daha DAK-ın adını hallandırmamağı tövsiyə edirəm, çünki niyyətləri xoş deyil. Məlumdur ki, onlar sifariş yerinə yetirirlər. Moskvanın, Tehranın “qucağında oturub” onların əleyhinə söz deməyəcəklər ki…Yenə deyirəm, yeni təşkilat yaratmağa, nəsə qurmağa istəkləri varsa, onun yolu məni ləkələməkdən keçmir. Bizi sıradan çıxarıb yeni DAK yaratmağa nail olmaq fikrindədirlərsə, bu, yalnız xülyadır. Çünki burada mənim qırx illik mübarizəm və onun nəticəsi var. Bilirsiniz, əslində, mənim heç onlara ciddi fikir vermək fikrimdə yoxdur, onlar mənim üçün əhəmiyyətsizdirlər. Onlara qoşulub məni ləkələməyə çalışan bir neçə mətbuat orqanı da var ki, mən artıq onlarla hüquq dilində danışmağa məcburam. Bu, artıq məhkəməlikdir.
Qaldı o faktlara, mən hələ o barədə heç nə demək istəmirəm. Əslində, hər şey göz qabağındadır. Çünki onların bu söz-söhbətindən sonra İranın irticaçı rejiminə işləyən saytlar bayram edirdilər.

Comments are closed.