Aprelin 30-da Bakıda gənclər Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş qətliamın 3-cü ildönümü ilə əlaqədar anım yürüşü keçiriblər. Gənclərin Hüquqlarını Müdafiə Komitəsi adından keçirilən yürüşdə hər hansı şüar səsləndirilməyib. Gənclər terrorda ölən həmyaşıdlarının fotolarını sinələrindən asıb, əllərində qərənfillərlə hərəkət edibrlər. Buna baxmayar polis yürüşün qarşısını kəsib və gənclərə qarşı zorakılıq edib.
Saat 15:00-da Nizami kinoteatrının qarşısından başlayan yürüşə polis və mülki geyimlilər ADNA-nın binasına az qalmış müdaxilə ediblər. Onlar yürüş iştirakçılarına terror qurbanlarını onların məzarları üstündə yad etməyi təklif ediblər. Lakin gənclər bununla razılaşmayıb, terrorun baş verdiyi binanın qarşısına qərənfillər düzüb dağılışacaqlarını deyiblər. Polsi isə buna imkan verməyib, gənclərdən bir neçəsini döyüb, yürüşü dağıdıb.
Aksiya keçirə bilməyəcəklərini görən gənclər yaxınlıqdakı küçələrdən birini bağlayıb və əllərindəki qərənfilləri yol kənarına düzüblər.

N
EFT AKADEMİYASI ƏTRAFINDA TIXAC 

ADNA ətrafında tıxac yaranıb. Polis yolu açmağa çalışır, anım mərasiminə gəlməyən, sadəcə yoldan ötən vətəndaşları da ərazisən uzaqlaşdırır.

GƏNCLƏRDƏN BİRİ SAXLANIB

Polis anıma gələnlərdən- ADP gənclər təşkilatındanCəmil Hacıyevi saxlayıb. Bu barədə AzadlıqRadiosunun hadisə yerində olan müxbiri məlumat verir.

«Cəmil Hacıyevi tutub taksiyə əyləşdirdilər ki, polis bölməsinə aparsınlar. Amma sürücü maşını sürməkdən imtina etdi. Bundan sonra gənci polis maşınına mindirdilər, maşının taksi kimi fəaliyyət göstərdiyi bildirilən nişanı əlindən alındı».

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş qətliamın 3-cü ildönümü ilə əlaqədar gənclər anım yürüşü keçirirlər.

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi adından keçirilən yürüşdə hər hansı şüar səsləndirilməyəcək, aksiya keçirilməyəcəyi açıqlanıb. Gənclər qətliam vaxtı öldürülən həmyaşıdlarının fotolarını sinələrindən asıb, əllərində qərənfillərlə hərəkət edirlər.

Polis və mülki geyimli şəxslər anıma gələn gəncləri akademiyanın qarşısından uzaqlaşdırır.

Emil Bağırov, VHP Gənclər Təşkilatının üzvü:

«Biz öldürülmüş tələbə yoldaşlarımızı sakit bir şəkildə anmaq istəyirdik. Çiçəkləri akademiyanın qarşısına qoyub dağılışacaqdıq. Məqsəd bu idi. Amma ora çatmamış itələdilər bizi, zor tətbiq elədilər. Bir nəfər də saxlanılıb. Biz də məcburən gülləri yolun ortasına qoyduq. Bizi qovmağa başladılar. Arxadan gəlib bizi qovmağa başladılar».

«Nida» Vətəndaş Hərəkatının üzvü Kənan Qasımlı:

«Gördüyünüz kimi bizə imkan vermədilər. Hər şəkildə bizim toplaşmağımıza mane olurlar».

QƏTLİAMIN 3-CÜ İLDÖNÜMÜ

​​Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qətliamın üçüncü ildönümüdür.

Üç il əvvəl maskalı və silahlı bir şəxs Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb. Bu şəxsin Gürcüstan vətəndaşı 29 yaşlı Fərda Qədirov olduğu müəyyənləşib. O, hadisəni törədəndən sonra özünü də öldürmüşdü.

Fərda Qədirovla əlbir olmaqda ittiham olunan Nadir ƏliyevCavidan Əmirov,Nəcəf Süleymanov isə ömürlük, Ariz Qabulov 11 il azadlıqdan məhrum ediliblər. Onlar özlərini təqsirli bilməyiblər, əsl cinayətkarların həbs olunmadığını deyiblər. Onlar istintaq dövründə onlara ağır işgəncələr verildiyini də deyiblər.

Bu işlə bağlı ittiham aktında cinayətin təşkilatçısı kimi Gürcüstan vətəndaşıMardun Qumaşyanın adı çəkilir. İttihamnaməyə görə, o, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.

Azadlıq radiosu

P.S

Polis ADNA terrorunun 3-cü ildönümünü yad etmək istəyərkən həbs etdiyi ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyevi sərbəst buraxıb.

 

Bu barədə məlumatı “musavat.com”a C. Hacıyev özü bildirib. O, deyib ki, polis bölməsində müxtəlif təzyiqlərə məruz qalıb: “Hakimiyyət “Eurovision” musiqi yarışmasına görə bizim anım mərasiminə mane oldu. Bundan əlavə isə, hər il hakimiyyət 30 Apreli qeyd etmək istəyənlərə qarşı daha da qəddarlaşır, terror qurbanlarını yad etmək istəyənlərə divan tutur”

Qeyd edək ki, Gənclərin Hüquqlarının Müdafiə Komitəsinə (GHMK) VHP, Müsavat, AXCP, ADP Gənclər Təşkilatları, N!DA Vətəndaş Hərəkatı, “Azad Gənclik” Təşkilatı, “Dalğa” Gənclər Hərəkatı, “Müsbət Dəyişiklik” Gənclər Hərəkatı və “İnsan Hüquqları” Klubu daxildir. 

 
 

Comments are closed.