ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli

səfiri cənab Riçard Morninqstara

 

Hörmətli cənab səfir!

Sizi ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsinə seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Amerika Birləşmiş Ştatları Azərbaycan üçün böyük əhəmiyyətə malik olan tərəfdaş ölkədir. Qərbə inteqrasiya siyasətini prioritet istiqamət kimi müəyyənləşdirən Azərbaycanın inkişafında ABŞ-ın tutduğu mövqe ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mürəkkəb geosiyasi vəziyyətdə, Azərbaycan torpaqlarının işğal altında olduğu məqamda dünyanın ən böyük güclərindən olan ABŞ-ın ölkəmizdə bütün məsələlərə obyektiv və humanistcəsinə yanaşan bir səfirinin olması xalqımızın maraq dairəsindədir. Ümid edirəm ki, Azərbaycanın coğrafi durumunu və ərazisinin işğalı ilə bağlı qarşılaşdığı çətinlikləri nəzərə alaraq göstərdiyiniz fəaliyyət ABŞ-Azərbaycan əlaqələrinin inkişafına əlavə töhvələr verməklə Amerika Birləşmiş Ştatlarının xalqımız arasındakı ədalətli olması imicini daha da gücləndirəcək və rəğbəti artıracaqdır.

Bir daha Sizi yeni görəviniz münasibəti ilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

Yaxın günlərdə Sizinlə şəxsən tanış olmaq istəyi ilə,

 

Sabir RÜSTƏMXANLI

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

Comments are closed.