ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutaya

Hörmətli cənab səfir!

Sizi Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin olunmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə işlərinizdə uğurlar arzulayıram.
ABŞ və Azərbaycan arasında münasibətlər hazırda yüksək dəyərləndirilir və Amerika Birləşmiş Ştatları dünyanın ən nüfuzlu ölkəsi olaraq Azərbaycanın ciddi marağındadır. Həmçinin Azərbaycan xalqının bu ölkəyə maraq və diqqəti, eyni zamanda, həssaslığı təsadüfü deyil. Çünki ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılan ATƏT-in Minsk Qrupunun həmsədridir və onun tutduğu mövqeyə bütövlükdə Azərbaycan xalqı, o cümlədən bu işğal nəticəsində yurd-yuvasından didərgin salınmış bir milyondan artıq qaçqın və məcburi köçkün aşırı həssaslıqla yanaşır.
ABŞ regionumuzda enerji və siyasi maraqları olan ölkə kimi də cəlbedicidir və Sizin fəaliyyətinizin sələfləriniz kimi xalqımızın diqqətində olacağına heç bir şübhə yoxdur.

Hörmətli cənab səfir!
İlk gündən etibarən Sizə olan marağı peşəkar diplomat olaraq təmin etməyiniz və xalqımızın məmnunluqla qarşıladığı addımlarınızı xüsusi qeyd etmək istərdim. Həm yeni vəzifəyə təyin olunduqdan sonra öz ölkənizdən etdiyiniz video-müraciət, həm də ölkəmizə qədəm basarkən etdiyiniz çıxışın xalqımız tərəfindən rəğbətlə qarşılandığını diqqətinizə çatdırmaqdan məmnunam.
İnanıram ki, fəaliyyətiniz müddətində ABŞ-Azərbaycan münasibətlərinin daha da yüksəlməsi və Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək üçün göstərdiyiniz səylərlə ilk təəssüratı daha da gücləndirəcək, xalqımızın böyük hörmətini haqq edəcəksiniz.
Bir daha Sizi təbrik edir və qarşılıqlı əməkdaşlığa hər zaman hazır olduğumuzu nəzərinizə çatdırıram.

Comments are closed.