ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qarşıdan gələn prezident seçkisi ilə bağlı bəyanat verib. Bəyanatda Azərbaycan hökuməti xalqın iradəsini əks etdirəcək azad və ədalətli seçki prosesini təmin etməyə çağırılır: “Müsəlman dünyasında ilk demokratik dövlət 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası olub. Biz Azərbaycan rəsmilərinə müraciət edərək, onları bu qürurverici tarixə uyğun hərəkət etməyə, eləcə də öz vətəndaşları və beynəlxalq ictimaiyyət qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyə, prezident seçkisi öncəsi və sonrası sərbəst toplaşmaq, birləşmək və söz azadlıqlarına hörmət etməyə çağırırıq”.

AZAD VƏ ƏDALƏTLİ SEÇKİLƏR SADƏCƏ, SEÇKİ GÜNÜ BAŞ VERƏNLƏRLƏ MƏHDUDLAŞMIR

Bəyanatda daha sonra deyilir ki, səsvermə günü pozuntu hallarının məhdudlaşdırılması məqsədilə MSK-nın həyata keçirdiyi maarifləndirmə onları ruhlandırır. “Bununla belə, azad və ədalətli seçkilər sadəcə, seçki günü baş verənlərlə məhdudlaşmır. Seçki öncəsi qərəzsiz mühitin təmin olunması üçün Azərbaycan hökuməti bütün partiyaların və maraqlı qrupların KİV-ə bərabər çıxışını, hər hansı müdaxilə olmadan ölkənin hər yerində seçki kampaniyası aparılması və müntəzəm partiya görüşlərinin keçirilməsi azadlığını təmin etməlidir. Bura gənclərin ölkənin gələcəyi haqqında öz fikirlərini internetdə, mətbuatda, yığıncaq zallarında, inzibati qaydada və yaxud qeyri-müəyyən müddətə istintaq təcridxanasında saxlanılmaqdan və digər hədələrdən qorxmadan deməsinə, ictimai meydanlardan istifadə edə bilməsinə imkan verən sağlam vətəndaş dialoqu mühitinin yaradılması da daxildir”.
 ABŞ səfiri İlqar Məmmədov və Tofiq Yaqublu, eləcə də gənc fəallar, jurnalistlər və siyasi liderlərlə bağlı aparılan məhkəmə prosesini sürətləndirməyə, şəffaf və ədalətli qərar çıxarmağa da çağırıb.
Bundan əlavə, səfir Azərbaycanı seçkilərin monitorinqinin aparılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) rəsmi dəvətin təqdim olunması barədə şifahi vədi yerinə yetirməyə də dəvət edib.
 Bəyanat bu sözlərlə bitir: “Rəsmilər yerli seçki müşahidəçilərini qeydiyyata almalı və ölkənin hər yerində seçki fəaliyyətini sərbəst şəkildə və qanuna müvafiq formada izləməyə icazə verilməlidir. Hökumətin konstruktiv iştirakı, eləcə də sərbəst və dinc fikir mübadiləsi sayəsində bu prezident seçkiləri Azərbaycan cəmiyyətini gücləndirmək üçün imkan yaradır və beləliklə də Azərbaycanın gələcək sabitliyi ilə bağlı bizim ortaq maraqlarımızı daha da möhkəmləndirir”.

Comments are closed.