Faiq Balabəyli


Bu da 40… Bu 40 nağıllardakı 40 gün-40 gecə…

Yox, bu günün 40-cı günü, 40-cı gecəsi çox fərqlidir.

Bu 40 gün-40 gecədə ancaq tənhalıq yaşanıb, həyatdan bezikmək və həyata daha çox bağlı olmaq yaşanıb…

40 günün arxasında qalan nakam arzular gerçəkləşəcək nə vaxtsa, əminəm buna. Amma bu arzuların bir qəlbdən təkrarlanacağı mümkünsüz. Narahat ruhun sevinməsi isə mümkün olacaq.

40 gündür ki, dostum Anarın mənzilinin qapısı nağıllardakı 40-cı qapı timsalında… Açsın, açmasın…

Xəyallarına köçən gerçəyin yoxluğu o qapının arxasında daha çox gözə girəcək, qəlb ağrıdacaq. O, onun durduğu yerdə duracaq, onun baxdığı səmtə baxacaq, işlətdiyi əşyanı sığallayacaq, çay dəmlədiyi çaydana belə qəmlənəcək… Qapı üzünə açılacaq – sözsüz ki, əvvəlki kimi yox.

Bir cüt göyərçin balanın sifətində, gözlərində ata gəlişinin kədər dolu sevincinin arxasındakı özləri tərəfindən nə vaxtsa veriləcək cavablara  körpə baxışların verdiyi suallar: “Ata, anamız hanı?”

Pörtmüş sifətin, parçalanmış ürəyin, qurumuş, lal olmuş dilin səssiz cavabı, nə? Cavab yoxdu, qayğı, diqqət var – əvvəlkindən çox. Növbə ilə uşaqları bağrına basmaq və qapalı gözlərlə 40 günün arxasındakı günləri görmək,  anları yaşamaq…

40 günün arxasında qalan həmən məşəqqətli gün mən onun, o atanın, dostum Anarın düzlərini döydüyünü gördüm. Dizlərim göynədi.

Başını ovuclarının arasına alıb sıxdığını gördüm… Başını itirmişdi bu dərddən, bu itkidən… Başını əllərinin arasında saxlamaq istəyirdi.

Bu 40 gündə dostum günlərin uzanmasını istəyirdi, mənə elə gəldi. Evə gec getmək, Həyatının kimsəsizliyini evinin içində gec görmək üçün…

Mənə elə gəlir ki, bu 40 gündə Tarixin çarxını geri fırlada-fırlada, ötənlərə qayıda-qayıda yaşayıb və dözüb Anar.

Bu 40 gün 40 il qədər ağır olub onu üçün. Amma 4 gün, 4 saat qədər tez ötüb. Bu 40 günün ağırlığı, əzabı 4 saat bundan qabaq baş vermiş ağrı kimidir…

40 gündür ki, bir mənzilin açılan qapısının arxasındakı adamın O olmayacağını bilə-bilə, onun açmasını gözləyir.

O, “itirdiyi” xanımının gözlərinin, mülayim səsinin açmağa tələsmədiyi qapının arxasından boylanacağı ümidi ilə evə tələsir. Bu “tələskənlik” əslində özünü süni gecikdirmənin gerçəkliyindən bilinir.

 

40 gün öncə…

Səhər işə gəlməyəcəyini bilirdik. Həyat yoldaşını əməliyyat edəcəkdilər… Pərviz elə belə də demişdi: “Sənin başın qarışıqdır. İnşallah, əməliyyat qurtarsın, yəqin belə olmaz”.

Mənsə: “O, həkimi yaxşı tanıyırsan, İnanırsan? – deyə soruşmuşdum, – başqa həkimlər də var ha”, – demişdim.

İnanırdı, həkimlə dost olmuşdu… İndi də kirayədə yaşadığı ömrünün bir-neçə ilini onun kirayənişini olmaqla keçmişdi..

Pərviz, Anara telefon açdı. Əməliyyat çoxdan başlamalı idi… İndicə alacağımız şad xəbərin, uğurla nəticələnən əməliyyatın göz aydınlığını verəcəkdik Anara…

Əməliyyat  nəzərdə tutulan vaxtdan çox gec “başladı…”

 

Nahar fasiləsi zamanı

Pərvizin əlindən bir tikə çörək sıçradı stolun üstünə. İkinci tikənin “sıçrayışında” – “Bu nədir belə”, – dedi. “Sevinəcəksən yəqin, qonağın gələcək, tikən sevinir”, – dedim. Ardınca Pərvizin ağzında dişləri də qırıldı… Bu bir mistika idi, ya nə?

Tez Anara zəng etdim: “Vəziyyət necədir?” Telefonun o başından Anarın sanki kirayə götürdüyü, özünün olmayan səsi gəldi: “Pisdi, çox pisdi”.

Ardınca olunan zənglərə isə cavab vermədi….

Dostumuzun xanımı, istedalı ədəbiyyat adamı Elnarə Tofiqqızı  ailənin həkim dostunun səriştəsizliyinin qurbanı olmuşdu…

Mən dəhşətli, sarsıdıcı xəbəri Sahibə Rəşiddən eşitdim, zəng etmişdi, titrək səslə: “Bu nə xəbərdi? Bu bizim Elnarə xanımdır?”

Tələbələri çox, lap çox üzgün idi…

Elnarənin – Anarın “Elişinin” – gözlərini əbədi qapadığı  lənətə gəlmiş “Medi Sina”nın həyətində kimlər yox idi?..

 

Yadımdadır

AYB-də tanış olduq. Münasibətlərimiz o qədər doğma idi ki! Bir müddət sonra AYB-dən “yoxa çıxdı”. Bir də dostum Anarın toyunda gördüm Elnarə bacımızı. Ağ gəlinlik donunda. Necə də yaraşırdılar… O toyda onlara çox alqışlar, dualar olundu. Qol götürüb oynadıq, şənləndik.

Olunan arzuların əksəriyyəti çin olmadı, arzuları ürəklərdə qaldı… Elnarə bu dəfə Anarının, göyərçin xanım-xatun balası Xatununun, incidən də inci olan İncinin həyatından “yoxa çıxdı”. Mələk kimi göylərə uçdu.

Ruhu isə balalarının başının üstündə dolanacaq…

Comments are closed.