Azərbaycanlıların 31 mart soyqırımı İsveçdə və Rusiyada geniş tədbirlərlə qeyd edilib. Bu barədə həmin tədbirlərdə iştirak edən millət vəkili, DAK həmsədri Sabir Rüstəmxanlı məlumat verib.

Millət vəkilinin bildirdiyinə görə, DAK İdarə Heyətinin üzvü Adil Minbaşı ilə bərabər Stolholm və Yoteburqda Azərbaycan diaspor təşkilatlarının soyqırımla bağlı təşkil etdikləri mərasimlərdə çıxış ediblər. Həmçinin Azərbaycanın son iki əsrdə yaşadığı faciələrin dünya ictimaiyyətinə çatdırılması, DAK-ın 12-ci qurultayına hazırlıq və s. məsələlərlə bağlı diaspor nümayəndələri ilə müzakirələr keçiriblər. Avropada fəaliyyət göstərən Güney Azərbaycan siyasi qurumları və Azərbaycan dərnəklərinin fəaliyyətlərinin əlaqələndirilməsi istiqamətində isə birgə razılıq əldə edilib.

Millət vəkili Sabir Rüstəmxanlı və Adil Minbaşı daha sonra İsveç parlamentinin deputatları C.Magnusson və A.Vaberi ilə görüşüblər. Görüşdə 31 mart soyqırımı, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər İsveç parlamentarilərinin diqqətinə çatdırılıb, İçveç-Azərbaycan əlaqələrində sivil toplumun rolu müzakirə edilib, İsveçdəki Azərbaycan diasporunun problemləri müzakirə edilib. S.Rüstəmxanlı Azərbaycanla daha yaxından tanış olmaq üçün İçveç parlamentarilərini şəxsi qonağı olaraq ölkəmizə dəvət edib.

Aprelin 3-də isə S.Rüstəmxanlı və A.Minbaşı Moskvada 31 mart soyqırımı və Kəlbəcərin işğalı ilə bağlı düzənlənən tədbirlərə qatılıblar. Həmçinin DAK-ın Rusiya nümayəndəliyinin üzvləri və ziyalıların iştirakı ilə qurultaya hazırlıq, diasporun qayğıları və s. məsələlər müzakirə edilib.

Mətbuat Xidməti

 

Comments are closed.