Ümman Səfərov

VHP Gənclər Təşkilatının Məclis üzvü

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günüdür və Azərbaycan Respublikasında dövlət bayramı kimi qeyd edilir. 

Amma milli birlik və həmrəylik uğrunda mübarizəmiz heç də asan olmayıb. Azərbaycan xalqının həmrəyliyini və birliyini qısqanan qüvvələr onun azadlığa və müstəqilliyə gedən yolunda vaxtaşırı müxtəlif maneələr yaratmış, həmrəylik üçün vacib olan dövlətçiliyin formalaşmasına və inkişafına əngəllər törətmişlər. Xalqımız hər dəfə dövlətçiliyini qurmaq və həmrəyliyə nail olmaq üçün real addımlar atmağa çalışarkən ciddi mənada maddi-mənəvi itkilərə məruz qalıb. Azərbaycan xalqı əzab-əziyyətlə dolu keşməkeşli tarixi ərzində həmrəyliyə və azadlığa can ataraq müstəqil olmağa səy göstərib, müəyyən zaman kəsiyində müstəqil dövlət kimi yaşamağa müvəffəq olsa da, sonradan xəmiri işğal və zülmdən ibarət olan müxtəlif imperiyalar tərəfindən işğala məruz qalıb. Azərbaycan dövlətçiliyinin tarixində qızıl hərflərlə yazılmış şərəfli iz qoyan Səfəvilər Dövləti hamımızın qürur mənbəyidir. 1501-ci ildə böyük sərkərdə və şair Şah İsmayıl Xətai tərəfindən əsası qoyulmuş Azərbaycan Səfəvi dövləti zamanının ən qüdrətli və çiçəklənən dövlətlərindən biri olub. Ürəyi Azərbaycan eşqi ilə dolub-daşan Şah İsmayıl Xətainin qurduğu dövlət bütün xalqın həmrəyliyi sayəsində xarici qüvvələrin təcavüzü qarşısında uzun müddət duruş gətirmişdir. Səfəvilərin hakimiyyəti dövründə 410 min kv.km olan Azərbaycan ərazisi Orta əsrlərin ən böyük dövlətlərindən biri idi. Amma eyni soydan olmalarına baxmayaraq, Səfəvilər dövləti ilə Osmanlı sultanlığı birlik və bərabərlik olub xarici düşmənlərə qarşı inadla mübarizə aparmaq yerinə, bədxah qüvvələrin fitnə-fəsadı nəticəsində uzun illər qardaş qırğınına yol vermişlər. Bunun məntiqi sonu kimi həmişə türklərə qarşı hiyləgər və amansız mübarizə aparan Rusiya və İran imperiyaları XİX əsrin əvvəlində, müvafiq olaraq 1813 və 1828-ci ildə bağlanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanı iki yerə parçalayıb, bütöv bir xalqın faciəsinə səbəb olmuşlar. 
Bütün fəlakətlərə baxmayaraq xalqımızın birliyi və azadlıq ruhu sınmadı. Milli adət-ənənələr əsasında maariflənən və soydaşlarımızın həmrəyliyindən güc alan vətənpərvər qüvvələrin mücadiləsi öz bəhrəsini verdi. 1917-ci il Fevral və Oktyabr inqilabları nəticəsində Çar Rusiyasının əsarətindən qurtaran xalqımız azadlığına qovuşdu. Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Milli Şura 1918-ci il 28 may tarixində Azərbaycanın müstəqilliyini elan etdi. Xalqın bütün təbəqələri həmrəylik nümayiş etdirərək dövlətçiliyin təşəkkül tapması,iqtisadi,hərbi,mədəni sahədə inkişafın əsaslarının qoyulması üçün tədbirlər həyata keçirildi. Hər bir azərbaycanlının qəlbində taxt qurmuş Nuru Paşanın rəhbərliyi ilə Türkiyədən gəlmiş qardaşlarımızla birlikdə 15 sentyabr 1918-ci ildə doğma Bakı şəhəri ingilis və rus qüvvələrinin hamiliyinə arxalanan erməni dığalarının əsarətindən azad olundu. Amma biz Bakının xilaskarı Nuru Paşaya onun azad etdiyi şəhərdə abidəsini qoymağı çox gördük. Bu vaxt Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv.km idi. Milli birliyə nail ola bilmədiyimizdən bizim azad yaşamaq sevdamız cəmi 23 aya bəs etdi. Sovet Rusiyasının XI Qızıl Ordusu və milli satqınların təzyiqi altında həmrəyliyimizi baltaladıq və müstəqilliyimizi öz əlimizlə bolşeviklərin hakimiyyətinə təslim etdik. Azərbaycanda Sovet hakimiyyəti yaradılanda torpaqlarımız yenidən bölgüyə məruz qaldı və SSRİ-nin tərkibində olarkən ərazimiz 86,6 min kv.km qaldı.
70 il Sovet İttifaqının tərkibində yaşayan xalqımızın azadlıq ruhu XX əsrin 80-90-cu illərində yenidən oyanmağa və müstəqil olma arzusu reallığa çevrilməyə başladı. Müstəqilliyin bərpasına gedən yol 1988-ci ilin payızında başladı. İttifaq rəhbərliyinin razılığından ruhlanan bədxah qonşularımızın Dağlıq Qarabağla bağlı sərsəm iddiaları, eyni zamanda müasir Ermənistanın yerləşdiyi əzəli azərbaycan torpaqlarında yaşayan minlərlə soydaşımızın ata-baba yurdlarından zorla qovulması xalqımızın bütün təbəqələrinin hiddətinə və qəzəbinə səbəb oldu. Əsl həmrəylik həmin günlərdə Bakının Azadlıq meydanında nümayiş olundu. Yüz minlərlə insan öz qəlbinin səsi ilə küçələrə və meydanlara axışaraq ittifaq və respublika rəhbərliyindən torpaqlarımızın müdafiəsinin təmin edilməsini və haqlarının qorunmasını tələb etdi. Amma İttifaqın tərkibində olan başqa milli respublikalardan fərqli olaraq, Azərbaycanın həmin vaxtkı rəhbərliyi və məmurlarının əksəriyyəti xalqa dönük çıxdılar və müstəqilliyə can atan insanların mənəvi və fiziki cəhətdən əzilmələri üçün əllərindən gələni etdilər. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə erməni daşnaklarının təsiri altında olan Sovet İttifaqının rəhbəri Mixail Qorbaçov Azərbaycanlıların milli-azadlıq ruhunu məhv etmək və xalqı susdurmaq üçün böyük bir silahlı qüvvəni Bakıya və başqa rayonlara yeritdi. Nəticədə onlarla insan şəhid oldu və yüzlərlə yaralandı, itkin düşənlər oldu. 20 Yanvar hadisəsi xalqımızın müstəqilliq tarixinə qəhrəmanlıq salnaməsi kimi həkk olunsa da, eyni zamanda milli birliyimizə və həmrəylik ruhumuza sarsıdıcı zərbə oldu. Amma bütün bunlara əhəmiyyət verməyən və milli kökdən məhrum olan öz xalqını satmış respublika rəhbərliyi və manqurtlaşmış məmurlar 1991-ci ilin mart ayında keçirilən İttifaqın saxlanılmasına dair referendumun nəticələrini saxtalaşdıraraq ağalarına itaətkarlıq nümayiş etdirdilər. Buna baxmayaraq xalq 20 Yanvar hadisəsinin şokundan ayıldı və azadlığını daha qətiyyətlə tələb etməyə başladı. Xalqın həmin günlərdə göstərdiyi həmrəylik və qətiyyətli iradəsi nəticəsində Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanmış sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Lakin xalqımızın müstəqilliyi ilə barışmayan imperialist qüvvələrlə eyni cəbhədə olan erməni daşnakların silahlı qüvvələri həmin vaxt “açarını” itirmiş Rusiyanın sahibsiz qalan hərbi gücündən istifadə edərək Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla torpaqlarımızın 20%-ni işğal etdi və bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin oldu.
1989-cu ildə Azərbaycan Xalq Hərəkatının fəalları azərbaycanlıların yaşadığı tarixi ərazini ikiyə bölən keçmiş SSRİ və İran sərhəddinin Cəlilabad, Biləsuvar, Ordubad və Şərur rayonları arasındakı hissəsini sökərək, son iki yüz ildə ilk dəfə olaraq indiki İran ərazisində və Azərbaycan Respublikasında yaşayan iki qardaşın birləşməsinə və həsrətin sona çatmasına nail olduldr. 
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib. 1992-ci ildə isə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti də qərar qəbul edib. Bununla da bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il təntənə ilə bayram edilir, həmrəyliyimizin möhkəmləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir, gələcəyə hesablanmış planlar qurulur. 
Hazırda dünyanın müxtəlif ölkələrində təxminən 50 milyondan çox azərbaycanlı yaşayır. Müxtəlif mənbələrin məlumatlarına görə İranda 30-35 milyon azərbaycanlı var, o cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Kanadada və Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.
Təlatümlərlə dolu müasir dövrümüzdə xalqımız və dövlətimizin kəskinləşən rəqabətə davam gətirməsi üçün realıqda milli birliyə və həmrəyliyə nail olmalıyıq. Bunun üçün isə soydaşlarımızın partiya mənsubiyyəti, hansı regiondan olması, dini etiqadı və dərisinin rəngi deyil, AZƏRBAYCANLIYAM ifadəsi birləşdirici və əsas rol oynamalıdır. Tariximizə hörmətlə və obyektiv yanaşmalı, onunla öyünməliyik. Tariximiz bizi ayırmağa deyil, birləşdirməyə xidmət etməlidir. Birliyə nail olmaq üçün enişli-yoxuşlu tariximizdə olmuş müsbət amilləri qabardaraq gənc nəslin elmi-texniki tərəqqinin nailiyyətlərindən bəhrələnərək vətənpərvərlik ruhunda böyüməsinə güc verməli, neqativ halların analizini isə tarixçilərin və araşdırmaçıların öhdəsinə buraxmalıyıq. Vətən, torpaq, azadlıq, məhəbbət, ədalət və həmrəylik ruhunda mədəniyyət nümunələri yaratmış Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundov, Məhəmməd Hadi, Əliağa Vahid, Hüseyn Cavid, Bəhlul Səttarzadə, Aşıq Ələsgər, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bülbül, Rəşid Behbudov, Müslim Maqomayev, Zeynəb Xanlarova, Sabir Mirzəyev, Tahir Salahov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nüsrət Kəsəmənlinin yaradıcılığı bizi birliyə səsləyir.

 

Comments are closed.