1991-ci il avqustun 30-da Azərbaycan parlamenti Müstəqillik bəyannaməsini qəbul edib.

 Bu, Azərbaycanın müstəqillik qazanması yolunda mühüm addım sayılır. 1991-ci il oktyabrın 18-də parlament müstəqillik haqda Konstitusiya Aktını qəbul edərkən elə həmin bəyannaməyə istinad etmişdi.

Yada salaq ki, müstəqillik bəyannaməsinin qəbulu ərəfəsində keçmiş SSRİ-də böyük dəyişikliklər baş vermişdi. SSRİ-nin vitse-prezidenti Yanayevin rəhbərliyi altında Dövlət Fövqəladə Vəziyyət Komitəsi (QKÇP) Moskvada çevrilişə cəhd etmişdi. Ancaq bu, baş tutmamışdı.

QKÇP-ni pisləyən bəyanat yayan Xalq Cəbhəsi isə Bakıda avqustun 23-də mitinq keçirmiş və bu aksiyanın qarşısı zorakılıqla alınmışdı. Bununla belə, həmin aksiyadan cəmi bir həftə sonra Azərbaycan parlamenti müxalifətin tələbi ilə müstəqillik bəyannaməsini qəbul etmək məcburiyyətində qalmışdı.

Comments are closed.