Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlının “Qafqazinfo”ya müsahibəsi

– Dünən parlamentdə təmsil olunan dörd partiya sədri VHP-nin qərargahında yeni bir qurum yaratdı. Ancaq elə ilk günüdən bu qurum birmənalı qarşılanmadı.
– Azərbaycan heç bir qrupa məxsus deyil, hər bir vətəndaşa məxsusdur. Hər kəs onun gələcəyi ilə bağlı düşünür, narahat olur, biri yazısı, biri pozusu, biri öz fikri, biri siyasi hərəkatı ilə nə isə hərə öz vətəni üçün bir şey etmək istəyir. Sadəcə mən o dövrdə yaşamışam, addımlarımı da buna uyğun atmışam. İndiki şəraitdə dünyada gedən proseslər fonunda baxanda Azərbaycanda müəyyən islahatların aparılması zərurətini hamı görür. Yəni bu şərait uzun müddət davam edə bilməz. Hətta mənə elə gəlir ki, bu vəziyyət iqtidardakıların özlərini də bezdirir. Bunu biz indi yox, illər uzunu edirik. Bu gün biriləri bunu Ərəb inqilabları ilə bağlayır, müxalifətin müəyyən qanadları inqilab axtarır. Biz ardıcıl olaraq korrupsiyaya qarşı mübarizənin, rüşvətxorluğun kökünün kəsilməsi zərurətini demişik, bu xətti həm yazılarımızda, həm də partiya olaraq davam etdiririk. Ona görə də, bu prosesləri heç bir şeylə bağlamaq mümkün deyil. Dörd partiyanın bir yerə yığılması əslində yeni ideya deyil. Bizim seçkilərdən sonra həmin tərkibdə yığışmaq ideyamız var idi. Seçkidən sonra başımız bir sıra hadisələrə qarışdı, imkan olmadı. Əslində biz o tərkibdə Milli Məclisdə də dəfələrlə görüşmüşük. Müxalifətçi deputatların fəaliyyətinin əlaqələndirilməsi, bir yerdə işimizi koordinasiya etmək məsələsi çoxdan müzakirədə idi. Dünən o məqsədlə yığışmışdıq. Eyni zamanda ölkədəki prosesləri müzakirə etmişik, onunla bağlı bəyanat vermişik.

– Bayaq dediyim kimi birmənalı qarşılanmadı…
– Mətbuat orqanlarında iqtidaryönlü partiyalar yığıldı, filan yazmaq düzgün deyil. Mən heç vaxt iqtidaryönlü olmamışam. Biz həmişə Azərbaycan yönlü partiyayıq, vətənimizin taleyini düşünürük, mövqeyimiz də budur. Bu damğalarla təəssüf ki, bu tipli yazıların müəllifləri 20 ildir Azərbaycan müxalifətini üz-üzə qoymaqla məşğuldurlar. Ona görə də, Azərbaycan müxalifəti indiki vəziyyətə gəlib düşüb. Nəhayət 20 ildən sonra, illər uzunu bu sərt mövqeyin vurduğu ziyanları görə-görə insanlar yenə də tanımadıqları, bilmədiyi işlərə burun soxmaqda, parlamentdə müxalifət partiyalarının bir araya gəlməsini fövqəladə hallar nazirinin Amerika səfiri ilə görüşməsinin nəticəsi kimi yozurlar. Bu jurnalistlərin peşəkarlıqdan uzaq, naşılığının əlamətidir.

– Siz iddia edirsiniz ki, Kəmaləddin Heydərovla səfirin görüşünün yaratdığınız qurumla heç bir əlaqəsi yoxdur?
– Amerika səfiri kimlə istəyir görüşür, hara istəyir gedir, gəzir, ölkə başçısı ilə müxtəlif əlaqəsi var. Bizim partiyaların görüşünün buna nə aidiyyatı ola bilər? Ölkədəki vəziyyətdən narahat olub, öz fikrimizi ifadə edən kimi o dəqiqə deyəcəklər ki, bu kiminsə təsirilədir? Bu nə deməkdir? Bunu deyən adamlar öz əl-qollarını bağlayırlar, baltalayırlar, özlərini gücsüzləşdirirlər. Sevinməlidirlər ki, parlamentdəki müxalifət öz fikrini ifadə edə bilir. Bunu dünən demirik ki… Biz Milli Məclisin yığıncağında da mitinqlərə münasibət bildirmişik, gedən proseslərə də, Azərbaycanda islahatların aparılması zərurətinə də, sabitliyin qorunması üçün müəyyən ciddi addımların atılmasının vacibliyinə də. Dəfələrlə bunu deyirik. Sadəcə olaraq yığışıb yenə müzakirə edirik. Bu işimiz bəzi adamlar tərəfindən müxtəlif qüvvələrin sifarişi kimi yozulmasın. Bu zamanın sifarişidir. Bizim keçdiyimiz yolun sifarişidir, mənim təbiətimin, partiyaların hadisələri real qiymətləndirməyimizin nəticəsidir ki, bu gün parlamentdə birgə fəaliyyətin zərurətinin vacibliyini hiss edirik və hakimiyyətə öz vəzifəsini xatırladırıq. Bəlkə hakimiyyətdə çoxlu vəzifə sahibləri var ki, onlar bilmirlər ki, bu cür davam edərsə, bu ölkəni hara aparıb çıxara bilər. Biz onu xatırladırıq. Bizim qüvvəmiz çox deyil, hər halda biz bu işi görürük.

– Sizin Parlament Müxalifət Qrupuna əlavə üzvlər olacaqmı?
– Sözsüz ki, bizim partiyanın başqa deputatları var ki, dünən gəlməyə imkanları yox idi. Müraciət edəcəyik deputatlara, kim qatılmaq istəsə, açıqdır, şübhəsiz.

– İqbal Ağazadə dəvət olunmayacaq?
– Seçkilərdən sonra bizim ilk yığıncağımızda belə bir görüşümüz olmuşdu. Bu qrupu hələ o vaxt yaratmaq istəyirdik. O vaxt İqbal Ağazadəni də dəvət etmişdik, amma o nəsə tərəddüd etmişdi. Amma güman edirəm ki, gəlsə, xüsusi maneçilik yoxdur, İqbal bəy gəlsə, böyük məmnuniyyətlə qoşula bilər.

– İqbal bəylə bağlı məsələdə hiss olunur ki, ortada bir balaca nəsə var…
– Yox, sadəcə keçən dəfə yığıncağımıza gəlmədiyinə görə, ürəyimizdə qaldı ki, bəlkə gəlmək istəmir.

– Bəlkə ABŞ Dövlət Departamentinin parlamentdə yeganə müxalifət təmsilçisi kimi İqbal bəyin adını çəkməsi bu ayrıntıya səbəb olub?
– Əvvəla, o dəqiq məlumat deyil. İkincisi də, o məlumat çıxan kimi İqbal Ağazadə özü deməli idi ki, mən orda tək deyiləm. Orada 20 ildən bəri, bizdən də qabaqda parlamentdə bu mübarizəni aparan, meydanlarda xalq yolunda öz sözünü deyən adamlar var və onları müxalifətdən kənarda qoyub məni burda tək saymaq ədalətsizlikdir. Bunu İqbal Ağazadə özü deməli di. Deməyibsə, canı sağ olsun, hər kəsin fəaliyyəti göz qabağındadır.

– Ola bilsin ABŞ-ın bu hesabatından məmnun görünüb…
– Yox, tək olmaq heç kimə başucalığı gətirmir, heç bu Azərbaycan üçün də başucalığı deyil. 20 il ərzində 60-dan çox rayon təşkilatımız olub, illər uzunu müxalifətçiliyin əziyyətini çəkirlər. Belə sözlər bunlara həqarətdir. Bunu gərək heç kim qəbul etməsin, istəyir bizim partiya, istər başqa partiyanın üzvü.

– Parlamentin içində Siz, çölündə isə İctimai Palata var. Siz də deyirsiniz ki, bu mitinqlərə münasibət bildiribsiniz. Hətta sizin partiyanın üzvləri, təmsilçiləriniz belə mitinqlərdə iştirak ediblər. Sizin bu mitinqlərə münasibətiniz necədir, hər halda uzun illər bu proseslərin içində olubsunuz?
– İctimai Palataya seçkilərə qatılmış və öz seçki hüququnu pozulmuş sayan, seçkilərin nəticəsindən narazı qalan, keçmiş millət vəkilliyinə namizədlər qatılırlar. Onların sırasında bizim də bir neçə üzvümüz var. Mənim fikrimcə, bugünkü müxalifətin hakimiyyətlə dialoqa girməyi bacaran, ona öz sözünü deyən və ona təsir etməyi bacaran bir gücünün olmaması Azərbaycan üçün ağır nəticələr verə bilər. Bu iqtidarı da arxayın salır, özü haqqında əbədi olacağı, heç nəyin dəyişməyəcəyi, indiki situasiyanın ideal, hər kəsi razı salan bir vəziyyət olduğu təsəvvürü yaradır. Bu faciədir, bu cür ola bilməz. Ona görə də bizim 1988-ci ildə gözəl ənənəmiz var idi, Milli Məclisə daxil olan millət vəkilləri ilə kənardakı müxalifətin çox sıx əlaqələri var idi. Bu da ölkədəki vəziyyətə təsir göstərmək imkanı yaradırdı. Təəssüf ki, son vaxtlar çox gülünc vəziyyət yaranıb. Kim parlamentə gedirsə, parlamentdə getməyənlər onları iqtidar yönümlü sayırlar. Xalq Cəbhəsi gedəndə Müsavat onu ittiham edirdi, Müsavat gedəndə isə Xalq Cəbhəsi. Parlamentdə olmaq bizim üçün o cəhətdən ibrətamiz və maraqlıdır ki, biz parlamentdə müxalifəti təmsil edirik və buna görə iqtidarın təzyiqi altındayıq. Eyni zamanda parlamentdə olduğumuza görə də müxalifətin hədəfiyik. Bu əslində müxalifətin qüvvələrini parçalamaq qüdrətidir. Təəssüf ki, bu situasiyanı iqtidar çox yaxşı başa düşə-düşə istifadə etdiyi halda, müxalifətin bəzi qanadları bunun nə qədər cəmiyyətə ziyan vurduğunu başa düşmür.

– Siz fikirləşirsiniz ki, əgər onlar ittiham etməsə, əksinə əməkdaşlıq etsə, onların parlamentdə fikirlərini deyə bilərsiniz, hakimiyyətə daha çox təsir etmək olar?
– Dünyanın hər yerində bu təcrübə var. Niyə görə o vaxt SSRİ-nin çökməsində Azərbaycan Milli Azadlıq hərəkatı böyük rol oynadı? Nəyin hesabına? Ona görə ki, onda cəmiyyətin bütün təbəqələri arasında əlaqə vardı. Müxalifətin bütün qanadları bir-birini başa düşürdü, əlaqə vardı. Bütün müxalifət siyasi partiyalarını bir araya gətirmək son dərəcə çətindir. Bunun reallığına inanmıram. Çünki təəssüf ki, Azərbaycanda müxalifət partiyalarının bir hissəsi doğrudan da iqtidar tərəfindən idarə olunur, bir hissəsi isə xarici qüvvələr tərəfindən. Bizim kimi ortada qalanlar var ki, bu illər ərzində mövqeyimizi həmişə qoruyub saxlamışıq. Bizim bir mövqeyimizdən başqa ayrı mövqeyimiz yoxdur. Dövlətçilik, milli mövqe, vətəndaş müstəqilliyi, vətəndaş ləyaqətini qorumaq. Bu baxımdan birlik o qədər də real görünmür, amma birlik olmadan ölkədəki vəziyyəti dəyişmək çətindir. Azərbaycanda biz sabitliyin tərəfdarıyıq. Yəni Qarabağ müharibəsi qurtarmayıb, nəticələr göz qabağındadır, torpaqlarımız işğal altındadır, Ermənistan tərəfi gündən-günə öz silahı qüvvələrini gücləndirir və bir sıra qonşu ölkələr də kömək edir. Belə bir vəziyyətdə Azərbaycanda daxildə hakimiyyət savaşlarına, vətəndaş qarşıdurmasına başımız qarışsa, biz daha ağır, nəticəsi bəlli olmayan, çox çətin vəziyyətə düşə bilərik. Biz bu məsuliyyəti hiss edirik. Bunu deyəndə elə çıxmasın ki, biz deyirik ki, bu yolla da iqtidarın səhvlərini tutmamalıyıq, amandır toxumayın qoy vəziyyət davam eləsin. Biz bunu dərk edirik və ona görə də hakimiyyətə xatırladırıq ki, bu müharibə bəhanə verə bilməz ki, indiki ölkədəki şərait, işsizlik, bəzi məmur özbaşınalığı, korrupsiya və s. davam etsin.

– İlham Əliyevi dəstəkləməliyik, və ondan tələb etməliyik?
– Yox, İlham Əliyevi dəstəkləmək söhbəti başqa cürdür. Biz Azərbaycan qanunlarını dəstəkləməliyik. Qanunla hər şey seçkilərdən keçir və bizim korrupsiyaya, rüşvətə qarşı qanunlarımız var. Söhbət kimisə dəstəkləmədən, prezidentdən getmir, qanunun aliliyini qorumaqdan gedir.

– Bu gün Azərbaycanda üz tutmağa, tapınmağa bir nəfər, ünvan belə qalmayıb. Elə kimə baxırsan üstündə başqa adı, ləkəsi var. Niyə belədir?
– Bu gizli bir siyasətdir, 20 ildir həmin siyasət aparılır. Mən 20 ildir o siyasəti bar-bar bağırıram, silsilə məqalələr yazmışam, bu Türk düşmənçiliyi, Azərbaycan düşmənçiliyidir, müəyyən ölkələrin bizə münasibətinin arxasında nələr dayanır, bunu dəqiq bilmək lazımdır. Dəfələrlə yazmışam ki, biz öz gücümüzə güvənməliyik. Əlbəttə qərb yönümlü siyasət, qərbin təcrübəsi, Azərbaycana gətirmək istədiyi demokratik islahatlar son dərəcə vacibdir və bundan öyrənməliyik. Eyni zamanda, Qərbin Azərbaycana münasibətində ikili standart da görünür. Ona görə də, onun dediyinin hamısını Quran ayəsi kimi qəbul etmək doğru deyil. Azərbaycan müxalifətinin çevrəsini də, sərhədlərini də, heç vaxt heç bir qərb ölkəsi müəyyən etməli deyil. İllər uzunu biz mübarizə aparmışıq. Mübarizə yoldaşları bir yerdə yol gedəndə bizdən biri qalxsın və kənar qüvvə desin ki, yox sizin sərhədləriniz budur, burada deyək ki, 9-10 partiya yox, 3 partiya var, bu üz-üzə qoymaqdır. Neçə müddət bu gözümüzün qabağında gedən prosesdir. Mətbuat da bu illər ərzində partiyaların və siyasi qüvvələrin parçalanmasında ifadə oluna bilməyən dərəcədə ziyanlı mövqe tutub. Qarşılıqlı, əsassız iddialar, sübutsuz, dəlilsiz, bu gün yazır belədir, sabah deyir aydınlaşdırdıq, sən demə elə deyil. Qeyri peşəkar yazılar, Azərbaycanın ziyalılarına, tanınmış adamlarına qarşı, şəxsiyyəti qorumamaq, bütün müqəddəslikləri vurub dağıtmaq, bütün dəyərləri ayaq altına atmaq, bütün tarixi, ədəbi dəyərləri ucuzlaşdırmaq bu da gizli siyasətdir, Azərbaycanı əslində aşınma, öz kökündən qoparmaq, Qərbə inteqrasiya, dialoq adına, qloballaşma ilə nəticə etibarilə erməni ilə savaşı və Qarabağı unutdurmaq istəyirlər.

– Siz Azərbaycanın xalq şairisiniz. Yazıçılar Birliyi qurultaya hazırlaşır. Sədr seçimi ilə bağlı nə düşünürsünüz?
– Azərbaycan yazıçıları özləri hörmətlə məsələni həll etməlidir. Anarın indiyə qədər gördüyü işlərin dəyəri verilməlidir. Hər halda onun Azərbaycan ziyalısı kimi xidmətlərini heç kim inkar edə bilməz. Azərbaycanın böyük yazıçısı, ziyalılarından biridir. Bu boyda Yazıçılar İttifaqını çətin vəziyyətdə qoruyub saxlayıb. Narazılıqlar da var. Yazıçılar İttifaqının üzvlərinin sayının fantastik rəqəmə çatması, az qala ədəbi meyarların itirilməsi, kim gəldi, ittifaqa üzv qəbul olunması bu şeylər də var. Tənqid olunmalı məsələlər də var. Amma bu Anara münasibət deyil, birliyin ümumi işi ilə bağlı məsələlərdir. Bunlar hamısı göz qabağındadır. Bir adamın bütün bu illər ərzində gördüyü xidmətin üstündən bütövlükdə xətt çəkmək düzgün deyil. Məncə, dəqiq bilmirəm, Anar qalmaq istəyir, ya getmək istəyir, hər halda bu, yazıçıların ümumi iradəsi ilə olmalıdır, bu siyasi qərar deyil, hökumətin təyinatı deyil.

– Siz hansı mövqedəsiniz?
– Mənim mövqeyim budur ki, Anar getmək istəyirsə, öz sağlamlığını və işinin çoxluğunu nəzərə almalıdır. Yazıçılar İttifaqında da bu qədər qarşıdurma yaranıb. Belə deyim ki, mən istəyərəm hər şey ümumi mədəniyyət, abır çərçivəsində həll olunsun. Anar qalsa da mən ona etiraz eləmərəm.

– Amma getsə yaxşı olar?
– Hesab edirəm ki, Anarın Yazıçılar İttifaqın xırda məsələlərə görə, didişmək vaxtı deyil. Anar 73 yaşındadır. Kifayət qədər işləri var, onlarla məşğul ola bilər. Amma bu o demək deyil ki, Anar getsin, mən sabah sədr olmaq istəyirəm. Mənim elə niyyətim yoxdur. Mən Anarı çox sevən və hörmət edən adamam. Onun bu yaşında bir birliyə görə didişmələrin içində qalmağını istəmirəm.

– Sabir bəy bir müddət əvvəl futbolçularla bağlı tənqidinizi Rövnəq Abdullayevlə parlamentdə dialoq şəklində həll etmədiniz ki?
– Vallah mən orda həll olunmalı bir şey görmürəm. Söhbət edəndə dedi ki, mən əsəbi idim, həm məğlubiyyət, həm gərginlik, müəyyən söhbətlər eşitmişdim, özüm də ağır xəstə idim, əsəbi vəziyyətdə o sözü demişəm, həm də uşaqların pərt olmasını istəmirdim. Mən onun mövqeyini başa düşürəm, amma təbii ki, bu ona bu haqqı vermir məni ziyalılıqdan çıxarsın, mən ondan heç incimədim, mən dedim ki, ziyalılığı kim təyin edir ki? Ziyalılığı nə dövlət, nə dövlət idarəsi təyin edir. Ziyalılıq yaşanan bir ömrün nəticəsidir, bu bir ilin işi deyil ki… Mənə heç ziyalı deməsinlər, amma 11 nəfər ümid bəslədiyimiz insan gedib ölkəmizi biabır eləməsin. Söhbət bundan gedir.

– Parlament ittifaqınız əvvəlki qurulan ittifaqlardan daha uzunömürlü olacaqmı və nəsə əldə edə biləcəksiniz?
– Burda iddialar yoxdur, kimsə birincidir, ya ikinci. Bizi həmişə o iddialar məhv edir. Bu gün siyasi qüvvələrin çox böyük əksəriyyəti başa düşsünlər ki, Azərbaycanda hər birimiz gedən proseslərə görə məsuliyyət daşıyırıq. Bu təkcə prezidentin işi deyil, bu həm də parlamentin, Nazirlər Kabinetinin işidir. Amma proseslər görürsünüz, müəyyən tərpəniş oldu, xalq da rahatlıqla nəfəs aldı. Amma elə ki, mitinq söhbəti bir az səngiyən kimi müəyyən dairələrdə sevinc baş qaldırmağa başladı, baş tutmadı və s. Müəyyən yerlərdə əvvəlki rüşvət alınmayan günlərin əvəzinə ikiqat rüşvət alınmağa başladılar. Bu cür olmaz. Müəyyən məmurlarda məsuliyyət yoxdur. Onlar başa düşmürlər ki, bir gün heç bir İctimai Palata olmasın, siyasi partiyalar olmasın, işsiz-gücsüz, boğaza yığılan, hər addımbaşı alçaldılan millət qalxıb ayağa hamısını süpürüb aparıb atar dənizə. Biz onu istəmirik. Biz istəyirik ki, Azərbaycanda hər şey qanun daxilində olsun. Ona görə də istəyirik sözümüzü deyək.

– Misirin sabiq prezidentini devirdilər, amma Xırdalanda heykəli durur, necə fikirləşirsiniz, Azərbaycandakı ayaq üstə olan Mübarəki yıxmaq lazımdır?
– Vallah heykəllərin heç bir günahı yoxdur. Heykəllər hər şeydən əvvəl onu qoyan sənətkarın əsəridir. Bakıda o qədər heykəllər uçuruldu, mən təəssüfləndim. Onlar gözəl sənət abidəsi idi. Onları heç olmasa, yığıb haradasa bir yerdə açıq səma altında muzey düzəldə bilərdilər. Hər halda tarixin bir parçasıdır, vaxtilə qoyulub. Gərək siyasi niyyətlə heykəl qoyulmasın. Məsələn, siyasət dəyişilən kimi o heykəllər də gedir və heykəltəraşların zəhməti də heyf olur. Gərək heykəltəraşlar da siyasi fiqurların heykəllərini yaratmasın. Mübarəkin öz milləti qəbul eləmirsə, öz ölkəsində heykəlləri uçurulursa, Azərbaycanda onun heykəlinin qalması düzgün deyil. Yəqin ki, götürəcəklər…

Comments are closed.