Gənclərin Hüquqlarını Müdafiə Komitəsi (GHMK) martın 17-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Komitənin və VHP Gənclər Təşkilatının üzvü Samir Əsədli “Yeni Musavat” qəzetinə açıqlamasında bildirdi ki, martın 5-də bu məqsədlə meriyaya müraciət olunub: “Qanunvericiliyə görə martın 14-də bizə cavab verilməlidir. Biz komitə olaraq hazırlıqlarımızı davam etdiririk. Belə ki, mitinq öncəsi bir sıra təbliğat-təşviqat işləri görürük. Sosial şəbəkələrdə mitinqə hazırlıq üçün təbliğat aparılır, gəncləri mitinqə çağırırıq. Bundan əlavə, videoroliklər, müxtəlif formada şəkillər hazırlanıb, onlar sosial şəbəkələrdə yayımlanır və bu kimi digər vasitələrlə insanları mitinqə dəvət edirik. Hazırkı mərhələdə bunları həyata keçiririk”.

S.Əsədli dedi ki, bu vasitələrdən istifadə olunmasının səbəbi gənclər arasında siyasi fəallığı artırmaqdır: “İstəyirik ki, onlarda nikbin əhval-ruhiyyə yaransın. Heç bir təşkilata qoşulmayan gənclər aksiyalara qoşulub haqlarını tələb etsinlər. Cəmiyyətdə olan passivliyi və ətaləti aradan qaldıraq. Həmçinin bu aksiyaları keçirməklə polis xofunu aradan qaldırmağı düşünürük. İcazəli aksiyalarla polislə qarşıdurma yaratmamaq, insanların beynində polis zorakılığı mifini dağıtmaq istəyirik. Sosial şəbəkələrdə aparılan təbliğatdan aydın olur ki, gənclər arasında əhval-ruhiyyə yüksəkdir və müstəqil gənclər də bizə dəstək olacaqlar”.
S.Əsədli dedi ki, sosial şəbəkələrdə mitinq yeri göstərilməyib: “Biz müraciətdə Yasamal rayonu, M. Seyidov küçəsi, 3155-ci məhəllə, Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunu və Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı göstərmişik. Aksiyada ”Qarabağ!”, “Rüşvətə yox!” və “Siyasi məhbuslara azadlıq!” şüarları səsləndiriləcək. Və hesab edirik ki, şəhərə yaxın yerlərdən hansı meydan verilsə mitinq orda olacaq. Ona görə də mitinq keçiriləcək məkan konkretləşəndən sonra təbliğat daha konkret yerə görə intensiv formada davam etdiriləcək”.
Sonda Əsədli dedi ki, 4 mart mitinqinə icazə vermədilər və onlar icazəsiz aksiyaya getmədilər: “Konkret olaraq meriyanı məhkəməyə verəcəyik, artıq məhkəməyə müraciət üçün sənədlər hazırdır. Bu dəfə mitinq keçirmək üçün yer ayrılmasa biz Gənclərin Hüquqlarını Müdafiə Komitəsi olaraq martın 17-si şəhərin mərkəzində ”Sərbəst toplaşma azadlığı təmin edilsin!” şüarı ilə yürüş keçirəcək”.

Comments are closed.