05 may, Azərbaycanın 4 Milli qəhrəmanının ad günüdür. Qarabağ Azadlıq Təşkilatının məlumatına görə, İlham Əliyev, Qasım Rzayev, Pərviz Səmədov və Elşad 5 mayda anadan olublar.

İlham Müzəffər oğlu Əliyev 1961-ci il Gədəbəy şəhərində anadan olub. O, milis zabiti kimi 1990-cı ildən cəbhənin Qazax istiqamətində ermənilərə qarşı döyüşlərdə iştirak edir, qəhrəmanlıqla vuruşur. 1990-cı il avqustun 19-da onun rəhbərlik etdiyi 11 nəfərlik dəstə Aşağı Əskipara kəndinə soxulmuş erməni yaraqlıları ilə qeyri-bərabər döyüşə girir, düşmən ağır itki verərək geri çəkilir, lakin qəhrəman komandir də həlak olur. Gədəbəy şəhərində dəfn olunub, şəhərdəki 1 saylı orta məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.

Qasım Qara oğlu Rzayev 1970-ci il Tovuz rayonu Əlibəyli kəndində anadan olub. O, 1990-ci ildə könüllü özünümüdafiə dəstəsinin tərkibində, sonra isə Milli Ordunun sıralarında düşmənə qarşı vuruşub, Əlibəyli, Muncuqlu, Koxa-Nəbi, Ağdam, Hacalı kəndlərinin müdafiəsində fədakarlıq göstərib. 1992-ci il fevralın 11-də “Qan çanağı” deyilən yerdə kiçik bir dəstə ilə düşmənin artıq qüvvəsinə qarşı döyüşə girib, düşmənin 1 PDM-i və ondan artıq qüvvəsini məhv edərək hücumun qarşısını alıb. 1992-ci il mayın 14-də növbəti döyüş zamanı onun idarə etdiyi və mərmiatan qurğu quraşdırılmış maşın düşmən topları tərfindən vuruldu, o, qəhrəmanlıqla həlak oldu. Əlibəyli kənd qəbirstanlığında dəfn edilib, Hacalı kənd orta məktəbi onun adını daşıyır.

Pərviz Əbdüləhəd oğlu Səmədov 1970-ci il Gəncə şəhərində anadan olub. O, 1992-ci ilin fevralında könüllü olaraq Ağdam bölgəsinə gəlir və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətə başlayır. Şelli, Naxçivanik, Aranzəmin, Pircamal kəndləri uğrunda gedən döyüşlərdə sücaət göstərir. Onun dəstəsi düşmənin çoxlu sayda sursat anbarı, strateji obyektləri və canlı qüvvəsinin yerləşdiyi sığınacaqları məhv edib. 1992-ci il mayın 15-də Ağdamın Gülablı kəndi uğrunda güdən döyüşlərdə düşmənin canlı qüvvəsini məhv edir, həmçinin düşmən tərəfindən vurlmuş “Təcili yardım” vertolyotunun ekipajını xilas edir. Lakin özüdə düşmən gülləsinə tuş gələrək həlak olur. Gəncə şəhərində dəfn edilib. Şəhərin küçələrindən biri onun adını daşıyır.

Elşad Məmmədhənifə oğlu Yəhyayev 1966-cı il Şəki şəhərində anadan olub. O, milis leytenantı kimi Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində rəşadətlə vuruşub. O, 1992-ci il iyunun 20-də Naxçıvanik kəndini düşməndən təmizləmək məqsədi ilə keçirilən əməliyyatda tağım komandiri kimi iştirak edir, əməliyyatda iştirak edən digər hərbi dəstənin mühasirədən çıxmasını təmin edir, özü isə qəhrəmanlıqla həlak olur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəkidəki 12 saylı orta məktəb onun adını daşıyır, Bakıdakı 56 saylı məktəbdə isə büstü qoyulub.

Allah rəhmət eləsin!

Comments are closed.