Hadisə ilə bağlı məhkəmə prosesləri hələ də davam edir. Dünyasını dəyişmiş əsgərlərdən Quliyev Zakirin atası Etibar bəyin fevral ayının 28-də Gəncədə keçirilən məhkəmə barədə göndərdiyi məktubu olduğu kimi təqdim edirik:

“Məhkəmədə iştirak edən prokuror və hakimin “əməyi” nəticəsində elə bir vəziyyət yaranıb ki, 7 əsgərin öz hərbi xidməti vəzifələrini yerinə yetirərkən faciəli surətdə həlak olması əhəmiyyətsiz bir hadisə həddinə gəlib çatıb. Prokuror və hakim 7 əsgərin həlak olmasını aşkar edən faktarı protokola salmır, bu işə aid sualları verməyə icazə vermir və protokola salmır. 20 fevralda Göygöl rayonu N saylı hərbi hissədə baş verən hadisədəki ölümlərlə əlaqədar şahidlərə sual verilmir, biz valideynlər ölümlə əlaqədar sual verəndə bizi cərimə və ya 2 günlük həbslə hədələyirlər. Məhkəmənin bir hissəsi qapalı keçir, o da bəzi əsgərlərin şəxsi səhhət məsələlərilə əlaqəlidir.

28.02.2012 –ci il tarixində baş tutan məhkəmə iclasında ATƏT monitorinq keçirirdi, lakin qapalı hissədə o iclasdan çıxarılır, açıq hissədə yenidən qayıdırdı. Bu qərardan bizim heç xəbərimiz də yox idi, çünki bunu bizsiz hazırlıq iclasında qəbul etmişdilər. 17.01.2012 məhkəmə iclasında bizi aldadıb Musazadə Kamranı (yalançı şahid) dindirəndə onun ifadəsinə şəxsi sirrini yaymamaq üçün qol çəkdirdilər. (O qərarın qəbul olunmasından biz valideynlər 28.02.2012-ci il tarixli məhkəmədə təsadüfən xəbər tutduq. Prokurorluq çox çalışıb ki 7 əsgərin həlak olmasını aşkar edən faktları yayındırsın. 90% istintaqda aparılan araşdırmalar 20.02 2011 ildə olan hadisəni ört-bastır edib gizlətmək üçün aparılıb. İndi də məhkəmədə bu davam edilir.

Hadisədən bir il keçməsinə baxmayaraq bizə sənədlərin surətini vermirlər, əvəzinə, məktub göndərirlər ki, sizin sənədlərin surətini çıxarmaq ixtiyarınız var. Gəncəyə boş yerə gedib – qayıtmaqdan yorulmuşuq. Şahidlər (əsgərlər) deyirlər ki, hadisə onların (yalançı şahidlərin) dediyi kimi olmayıb, hakim əsgərlərə deyir ki, siz ayrı ifadə vermisiniz. Əsgərlər deyirlər ki, belə deməmişik. Neçə əsgərdən ifadə alınıb, ancaq əsgərlərə verilən sualları və onlara verilən cavabları protokola salmırlar. Səfər Əbiyev həqiqəti Azərbaycan xalqından gizlədir”.

Comments are closed.