50 yaş… Əslində, bu rəqəmdən başqa bir şey deyil. Söhbət bu rəqəmin aid edildiyi adın qarşısında hansı epitetlərin dayanmasındadır. Əli Hacı deyəndə dünyada hər nə varsa onu  həzin bir sözə, sözdən isə işığa çevrərək dünyamızın başının üstündən asmağa hazır olan əbədi narahat bir ruhun mövculuğuna inanmalı olursan. O özünü ruh adamı saysa da, əslində, ruhun obrazı və şəkli elə Əli Hacılıdır. Qədim sufilər ilahi ruha qovuşmaq üçün çox mürəkkəb mərhələlər keçir, ekstaz halında maddi aləmdən ayrılacalarını düşünürdülər… Amma ayrıla bilmirdilər, maddi aləmin, sonradan Nyutonun dediyi kimi, yerin cazibəsi onlar göylərdən maddi dünyaya endirirdi. Əli Hacı isə sözlə bu yolu keçdi…  Heç kəsə bənzəməyən, heç kəsi təkrarlamayan Əli Hacı şeiri ilə…

Ət tökəcək, bədən ruhsuz,

Bir də geri dönməyəcək.

Tanrısına çatan ruhum

Bir də yerə enməyəcək.

Bu şeirlərin əsas obrazları qəriblik, tənhalıq, özü ilə, öz dünyası ilə baş-başa, üz-üzə qalmaqdır. Burada qeyri-səmimilik, üzəvari olmaq, biganəliyi, laqeydliyi pərişanlıq donuna bükmək  mümkün deyil. Ümumiyyətlə, Əli Hacı ziddiyyətli zaman fonunda şəxsiyyət və şair parametrlərinin harmoniyasını təzahür etdirən az-az qələm sahiblərindəndir. Özü də yalnız bu halda, yəni sözün bütöv əxlaq və mənəviyyatla tamamlandığı yerdə səmimi, necə deyərlər, əsl səma  poeziyası yaranır.

Əli Hacını tanıyanların hamısı onun sədaqətli dost, xeyirxah insan, dönməz əqidə sahibi olduğunu inamla vurğulayırlar. Elə bu cəhətləri onu gənclik çağlarında milli azadlıq mücadiləsinə, sonradan isə millətin haqlarının dünyada tanınması uğrunda mübarizə yoluna gətirib çıxarıb. Bu gün də Əli Hacı gəncliyində başladığı mücadilənin əsgəridir. Şeirləri min illik poeziyamızın ruh çeşməsindən su içdiyi kimi, mücadilə iradəsi də tariximizin ləyaqət, kişilik örnəklərinə söykənir.

Əziz dostumuzu, sevimli şairimizi bir daha 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona həyatda xöşbəxtlik, yartadıcılıqda uğurlar diləyirik.

Sayqılarla,

Sabir Rüstəmxanlı

VHP sədri, millət vəkili

Comments are closed.