Anar NİFTƏLİYEV

Dünən televiziyaların birində dövlət müstəqilliyinin 20-ci ildönümüylə əlaqədar veriliş hazırlanmışdı. Bilirsinizmi, müstəqilliyin qazanılması yolu barədə kim çıxış edirdi? Əli Həsənov! Adam müstəqilliyin ağır sınaqlardan keçməsi, keşməkeşi, daha nə bilim, hansı zibili haqda elə ötkəmlə danışırdı ki, adamın gözü kəlləsinə çıxırdı!

Bu ölkədə meyar qalmayıb, dəyər itib, artıq insanlar danışdıqları yalana görə bir qram da olsun, xəcalət çəkmirlər; həya yox, abır yox…
Bunun adına nə deyəsən, axı? Əli Həsənov cəmi 20 il əvvəl – 1991-ci ildə parlamentdə qəbul edilən Dövlət Müstəqilliyinin Bərpası Aktının əleyhinə səs verən millət vəkili kimi tarixə düşüb! Amma hazırda bu adam müstəqil Azərbaycanın ən yüksək vəzifələrindən birini tutur, baş nazirin müavinidir, “Qaçqınkom”un sədridir – əleyhinə çıxdığı müstəqillik buna hər şey verib.
“Cəhənnəmə” demək olar, “onsuz da müstəqillik əleyhinə çıxanlar hazırda vəzifədədirlər” söyləmək də mümkündür. Amma Müstəqillik Aktının 20-ci ildönümündə həmin adamların dövlətin azadlığa necə çıxmasını şərəflə, ləyaqətlə danışmasına “cəhənnəmə” demək olmur axı!
Bu milləti nə qədər yaddaşsız, huşsuz, düşüncəsiz hesab edirlər! Bu milləti nə qədər aşağılayırlar, Ilahi!
Müstəqilliyin Bərpası Aktını hazırlayanlardan, onun qəbulu uğrunda vuruşanlardan birini – Arif Hacılını Müstəqilliyin 20-ci ildönümündə türməyə soxub, bu müstəqilliyin əleyhinə səs verən adamın müstəqilliklə bağlı “tarixi” fikirlərini almağın məntiqi nədir?
Cəhənnəm olsun məntiq – onsuz da bu hakimiyyətin atdığı addımların heç bir məntiqi-zadı yoxdur. Adam hansı mənəvi əsasla efirə çıxır? Hansı şücaətinə görə müstəqillik illərindən bəhs edir?
Bu millətin azadlığı, dövlətin suverenliyi uğrunda çarpışan Məryəm Həsənova Siyəzənin hansısa qəsəbəsində, yataqxana binasının 14 kvadratmetrlik darısqal bir otağında, ayda 162 manat 50 qəpiyin ümidinə yaşayır, amma müstəqillik əleyhinə çıxıb milyonlara sahiblənən Əli Həsənov müstəqillikdən danışır…
Istiqlalçı deputatlardan olan Tahir Kərimli bir xoruza yük edilir, zəlil günə salınır, hər yerdən dışlanır, ancaq Əli Həsənov müstəqilliyə doğru gedən yola işıq tutur…
“Naxçıvan keçmiş SSRI-də ilk dəfə olaraq müstəqilliyini elan etdi” fikrinin nə boyda dəhşət olduğunu belə dərk etmir bu “siyasi uzaqgörən”. Müstəqilliyin əleyhinə səs verib, indi müstəqillikdən guruldadan Əli Həsənov guya Heydər Əliyevin xidmətlərini yada salır, müstəqilliyi “ümummillinin” adına geydirir. Hərəkatı kim başlamışdı? Müstəqillik uğrunda kim vuruşurdu?
Millət azadlığı və suverenliyi uğrunda savaşa çıxanda Heydər Əliyev Moskvada ev dustağıydı; SSRI-nin dağılması artıq labüd fakta çevriləndə Heydər Əliyev hələ Naxçıvana gəlməmişdi; Naxçıvan Ali Məclisində üçrəngli bayraq qaldırılanda millət artıq 3 il idi ki, bu bayrağa bürünmüşdü, ölkə başdan-başa azadlıq içindəydi – indikindən fərqli olaraq.
Tarix də cəhənnəm olsun – onsuz da Azərbaycanın ən yeni tarixi saxtalaşdırılır, tiraniyanın hakimiyyətini legitimləşdirmək, Ilham Əliyevin irsi olaraq kürsünü atasından təhvil almasını əsaslandırmaq kimi mücərrəd və alğasığmaz bir bataqlığa soxulur. Amma sən necə “Ilk dəfə Naxçıvan müstəqilliyini elan etdi” deyə bilərsən? Belədə sənin ermənilərdən fərqin olurmu?
Ölkənin 2 subyekti var – biri Naxçıvan, biri Dağlıq Qarabağ! Naxçıvanın müstəqilliyindən dəm vuranda adamın gözünə Dağlıq Qarabağın “müstəqilliyini” soxmazlarmı?
O ayrı məsələ ki, “Müstəqil Naxçıvanın” 1992-ci ilin sonlarına doğru Ermənistanla imzaladığı “sülh sazişi” nəticəsində Naxçıvandan hər hansı təhlükənin gəlməyəcəyinə arxayın olan ermənilər Sasun David briqadasını da Dağlıq Qarabağa göndərdi və müstəqil Azərbaycan dövlətinin apardığı uğurlu hərbi əməliyyatların qarşısını aldı.
O ayrı məsələ ki, tarix hər şeyi öz adıyla mütləq çağıracaq – kim xəyanət etdi, kimlər oyun qurdu, kimlər Dağlıq Qarabağın ətrafındakı 7 rayonu ermənilərə “bufer zona” kimi hədiyyə verdi! Amma…
Vallah heç nəyi unutmamışıq, billah heç nə yaddan çıxmayıb! Ayıbdı axı, barı müstəqilliyin qazanılmasından danışmayın!

Comments are closed.