Dünən XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, filosof və ədəbiyyat tənqidçisi, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş Əli bəy Hüseynzadənin anadan olmasından 150 il ötdü. Əli bəy Hüseyn oğlu Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda anadan olub. Atası Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə, anası Xədicə isə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır.

Salyandan Tiflisə köçüb buradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən Molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının – Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı. 1875-1885-ci illərdə Ə.Hüseynzadə Tiflisə, babası Qafqaz şeyxülislamı Axund Əhməd Səlyaninin yanına gedib və orada gimnaziya tələbəsi olub.

Tiflisdə Şərqin maarifçi-materialist filosofu, dünyəvi elmlərə böyük rəğbət bəsləyən mütəfəkkir M.F.Axundovla babasının məclislərində tanış olan Əli bəy Hüseynzadə təbiət elmlərinə böyük maraq göstərməyə başlayır. Bu həvəs onu 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika və təbiət fakültəsinə gətirir. Burada dövrün məşhur elm xadimləri – Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, “xalqçılar” hərəkatına rəğbət bəsləyir və bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.

Ə.Hüseynzadə İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində oxumaqla dermatoloq (dəri-zöhrəvi xəstəliklər) ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, “Qırmızı ay” heyətinin tərkibində İtaliyaya gedir, üç il sonra geri qayıdır və müsabiqə yolu ilə İstanbul darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi işləyir. O, burada da təqib olunur, çünki darülfünun tələbəsi ikən artıq inqilabçı gənc türklər hərəkatına qoşulmuş, “İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olmuşdu.

Ə.Hüseynzadə tələbəlikdən ayrılıb müstəqil həyata başlayanda artıq yetkin fikir adamı idi. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və “Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı ideya adamı kimi də tanınır.

Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrinə başlayır. O, ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır. Əli bəy Hüseynzadə 1906-cı il noyabrın 1-də Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Füyuzat” jurnalını nəşr etməyə başlayır. Jurnalda Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. O, “Füyuzat”da məqalələrinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”
Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” – azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.
1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı olub.

Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.

Comments are closed.