İbrahim Quliyev

Mətbuatın üzərinə getməkdənsə, birlikdə neqativ hallara son qoymaq daha yaxşı olar

Dəsti-xətti, yazı üslubu oxuculara yaxşı tanış olan “Vətəndaş Həmrəyliyi” qəzeti artıq 20 ildir ki, nəşr olunur. Bu illər ərzində  qəzet daim dövlətçiliyin, müstəqilliyin, demokratiyanın, söz və mətbuat azadlığının keşiyində durub və bu gün də durmaqdadır. Bunu qəzetin tarixçəsindən də görmək olar: “Vətəndaş Həmrəyliyi” qəzeti öz fəaliyyətində ölkə konistitusiyasını, KİV haqqında qanunu və jurnalist etikasını əsas götürdüyündən indiyədək məhkəmələrə düşməmiş, Mətbuat Şurası tərəfindən hər hansı xəbərdarlıq, yaxud töhmət almamışdır. Əksinə, qəzetin fəaliyyəti çox halda nümunə göstərilmişdir.

Bununla belə, 3 mart 2014-cü il tarixdə – Azərbaycan Respublikası Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov “vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi, kütləvi informasiya vasitələri ilə yayılmış məlumatı təkzib edən məqalənin dərc edilməsi və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsinə dair” iddia ərzəsi ilə məhkəməyə müraciət etmiş, qəzetdən 50 min, baş redaktordan 50 min, informasiyanı mətbuata ötürən şəxs olaraq, elə həmin birliyin işçisi, 8-ci dərəcəli elektormexanik Teymur Məmmədzadədən 25 min manat olmaqla 125 min manat vəsait tələb edir. Əflatun Şərifov qəzeti onun şərəf və ləyaqətini aşağılayan material verməkdə və işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edir və ilk növbədə təkzib verilməsini tələb edir. Qəzetin baş redaktoru olaraq, bildirirəm ki, mən indiyədək Əflatun Şərifovu görməmişəm və onun rəhbərlik etdiyi birliyin yerini təxmini olaraq bilirəm. Bununla bərabər, Ə.Şərifovun adını çəkdiyi materiallar qəzetdə getməzdən öncə şəxsən ona zəng edərək, faktlarla bağlı rəsmi mövqeyini bildirməsini xahiş etmişəm. Şəhər telefonu vasitəsilə bu əlaqənin saxlanılmasını Ə.Şərifovun katibəsi reallaşdırıb. Amma Ə.Şərifov faktlara münasibət bildirmək əvəzinə ya məni birliyə dəvət edib, ya da hədələyib.
Bundan əlavə, qəzetdə dərc olunan həmin materialları 24 avqust 2013-cü il tarixdə 24/13 saylı məktubla (qəzetdə göndərilən materiallar əlavə olunmaqla) Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, 04 oktyabr 2013-cü il tarixdə 26-14 saylı məktubbla Azərbaycan Respublikasının Baş Prokurorluğuna, 31 oktyabr 2013-cü il tarixdə 26/15 saylı məktubla Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərmiş, adıçəkilən orqanlardan yazıda göstərilən faktların yoxlanılaraq nəticəsi barədə redaksiyaya məlumat verilməsini xahiş etmişəm (göndərilən məktubların surəti redaksiyadadır). Lakin adlarını qeyd etdiyim dövlət strukturlarının heç biri bizim rəsmi məktuba cavab verməmiş və münasibət bildirməmişdir. Susmaq isə, necə deyərlər, razılaşmaq əlamətidir.  
İddia ərizəsində Ə.Şərifov ilk olaraq qəzeti və baş redaktor olaraq məni onun haqqında düzgün olmayan informasiya yaymaqda, ona böhtan atmaqda günahlandırır və ilk olaraq onun seçkini boykot etməsi ilə bağlı yazıya istinad edir. Məlum olduğu kimi 2013-cü il oktyabrın 9-da prezident seçkiləri keçirilmişdir. O da bəllidir ki, dairə və məntəqə üzvləri parlament partiyalarının nümayəndələrindən təşkil olunur. Həmin üzvlər Seçki Məcəlləsinin 38.1 maddəsinə uyğun olaraq seçki dövründə əmək haqları saxlanılmaqla 60 gün müddətinə işdən azad olunurlar. O zaman İstehsalat Birliyinin Bakı filialında çalışan T.Məmmədzadə də Vətəndaş Həmrəyliyi Partiyasından 23 saylı Dairə Seçki Komissiyasının 4 saylı məntəqəsinin üzvü olmuş və qanun üzrə o da müvəqqəti olaraq işdən azad olunmalı idi.

Comments are closed.